SON MƏNZİLƏ
Mərhumun cənazəsi Azərbaycan Dövlət Milli Dram Teatrının matəmsayağı bəzədilmiş səhnəsində postament üzərində qoyulmuşdu. Postamentin ətrafına Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin adından, habelə Mədəniyyət Nazirliyinin, Dövlət Milli Dram Teatrının adından əklillər düzülmüşdü.
Salonda həzin matəm musiqisi səslənirdi. Respublikanın tanınmış mədəniyyət və teatr xadimləri, ziyalılar, mərhumun sənətinin pərəstişkarları cənazənin yanında fəxri qarovulda dayandılar, milli teatr sənətinin tanınmış nümayəndəsinə öz ehtiramlarını bildirdilər.
Matəm mərasimini mədəniyyət naziri Polad Bülbüloğlu açdı.
Dövlət Milli Dram Teatrının direktoru və bədii rəhbəri, xalq artisti Əlabbas Qədirov, xalq artistləri Əminə Yusifqızı, Firəngiz Mütəllibova, Bəsti Cəfərova, Teatr Xadimləri İttifaqının birinci katibi, xalq artisti Azər Paşa Nemətov matəm mərasimində çıxış etdilər.
Natiqlər vurğuladılar ki, ömrünün 60 ildən artıq bir dövrünü Dövlət Milli Dram Teatrı ilə bağlamış mərhum aktrisanın yaradıcılığında Azərbaycan teatr məktəbinə xas olan yüksək peşəkarlıq, böyük emosional təsir gücü, zamanın ruhunu gözəl əks etdirmək bacarığı öz parlaq ifadəsini tapmışdır. Məhz bu baxımdandır ki, səhnədə, əsasən, lirik və xarakterik rolların yaddaqalan ifaçısı kimi tanınan görkəmli sənətkar yaratdığı dolğun və rəngarəng obrazlarla milli teatr sənətinin inkişafında mühüm xidmətlər göstərmişdir.
Qeyd edilmişdir ki, o, uzun illər Azərbaycan radiosunda “Bulaq” verilişinin əvəzsiz aparıcısı olmuş, özünün dərin təsir gücünə malik, emosional və bənzərsiz səsi sayəsində tükənməz xəzinə olan xalq yaradıcılığını dinləyicilərə sevdirməsi ilə yaddaşlarda silinməz, dərin iz qoymuşdur.
Aktrisanın oğlu Ceyhun Şərifov mərasimdə çıxış edərək anasının yaradıcılığına verdiyi yüksək qiymətə, xatirəsinə göstərdiyi hörmət və ehtirama görə Prezident Heydər Əliyevə mərhumun ailəsi adından dərin minnətdarlığını bildirdi, vida mərasiminə toplaşanlara təşəkkür etdi.
X X X
Matəm mərasimi başa çatdıqdan sonra mərhumun cənazəsi Azərbaycan Dövlət Milli Dram Teatrının binasından qaldırılaraq qəbiristanlığa gətirildi. Burada mərhumun ruhuna dua oxundu. Azərbaycan teatr sənətinin böyük ustası, qayğıkeş və səmimi insan kimi işıqlı xatirəsi bütün sənətsevərlərin qəlbində həmişə yaşayacaq Məhluqə Sadıqovanın cənazəsi doğma torpağa tapşırıldı. Məzarın üzərinə əklillər, gül dəstələri düzüldü.
Allah rəhmət eləsin!