SON MƏNZİLƏ
Mərhumun cənazəsi Dövlət Milli Dram Teatrının matəmsayağı bəzədilmiş səhnəsində postament üzərində qoyulmuşdu. Postamentin ətrafına Azərbaycan Prezidenti Heydər Əliyevin adından, habelə Mədəniyyət Nazirliyi, Kinematoqrafçılar İttifaqı, Dövlət Milli Dram Teatrının və başqa təşkilatların adından əklillər düzülmüşdü.
Salonda həzin matəm musiqisi səslənirdi. Tanınmış mədəniyyət, kino və teatr xadimləri, ziyalılar, mərhumun sənətinin pərəstişkarları cənazənin yanında fəxri qarovulda dayandılar, milli kino və teatr sənətinin görkəmli nümayəndəsinə öz ehtiramlarını bildirdilər.
Matəm mərasimini mədəniyyət naziri Polad Bülbüloğlu açdı.
Kinematoqrafçılar İttifaqının birinci katibi, xalq artisti Rasim Balayev, xalq artistləri Eldar Quliyev, Rasim Ocaqov, Rafiq Əzimov, Leyla Şıxlinskaya, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Xamis Muradov, Dövlət Milli Dram Teatrının direktoru və bədii rəhbəri, xalq artisti Əliabbas Qədirov matəm mərasimində çıxış etdilər.
Natiqlər vurğuladılar ki, gözəl ifa tərzi, yüksək səhnə mədəniyyəti, böyük təsir gücünə malik təkrarsız səsi və fitri istedadı ilə teatr və kino həvəskarlarının qəlbinə yol tapmış Həsən Məmmədovun 60-70-ci illərdə ekran həyatı verdiyi parlaq obrazlar qalereyası kino salnaməmizin unudulmaz səhifələrini təşkil etmişdir. Xalqımızın qədim və müasir tarixi mərhum aktyorun çəkildiyi rolların əsas ilham mənbəyi olmuşdur. Görkəmli kino ustası muasirlərimizin və tarixi qəhrəmanlarımızın obrazlarını tam təbiiliyi və dolğunluğu ilə ekranda canlandırmaqla milli mənəvi dəyərlərimizin təbliğində və yetişməkdə olan nəslin qəhrəmanlıq, vətənpərvərlik ruhunda tərbiyəsində böyük xidmətlər göstərmişdir.
Qeyd olunmuşdur ki, böyük sənətkar təcrübəsi toplamış kamil aktyor Həsən Məmmədovun Dədə Qorqud və Bəxtiyar, Əsgər və Qaraş kimi qəhrəmanları azərbaycanlı mentalitetinin bütün incəliklərini özündə əks etdirmişdir. Mərhum sənətkar yaratdığı obrazlarda öz fikir və düşüncələrini tamaşaçıya təkcə sözlə deyil, həm də təbiətinə xas olan təmkinlilik və həyata fəlsəfi münasibəti ifadə edən müxtəlif bədii vasitələrlə çatdıra bilmişdir.
Prezidentin İcra Aparatının humanitar siyasət şöbəsinin müdiri Fatma Abdullazadə, Baş nazirin müavini Elçin Əfəndiyev, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, Milli Məclisin deputatları və digər rəsmi şəxslər matəm mərasimində iştirak edirdilər.
X X X
Matəm mərasimi başa çatdıqdan sonra mərhumun cənazəsi Dövlət Milli Dram Teatrının binasından qaldırılaraq qəbiristanlığa gətirildi. Burada mərhumun ruhuna dua oxundu. Milli kino və teatr sənətinin görkəmli nümayəndəsi, böyük sənətkar, qayğıkeş və təvazökar insan kimi işıqlı xatirəsi xalqımızın qəlbində həmişə yaşayacaq Həsən Məmmədovun cənazəsi doğma torpağa tapşırıldı. Məzarın üzərinə əklillər, gül dəstələri düzüldü.
Allah rəhmət eləsin!