Son üç ildə 112 ədəd tərpənməz və 65 ədəd üzən nasos stansiyaları tamamilə yenidən qurularaq istifadəyə verilmişdir
Bakı, 13 sentyabr (AZƏRTAC). Son üç ildə uzun müddət istismarda olmuş, fiziki və mənəvi cəhətdən köhnəlmiş 112 ədəd tərpənməz və 65 ədəd üzən nasos stansiyaları müasir tələblərə uyğun olaraq tamamilə yenidən qurularaq işlək vəziyyətə gətirilmişdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Əhməd Əhmədzadə mətbuata açıqlamasında demişdir.
Ə. Əhmədzadə bildirmişdir ki, Kür və Araz çayları boyunca 876 kilometr uzunluğunda mövcud torpaq mühafizə bəndlərində əsaslı hündürləndirmə, genişləndirmə və möhkəmləndirmə işləri görülmüş, çayların daha təhlükəli yerlərində 5,8 kilometr uzunluğunda daş-betonla sahilbərkitmə işləri aparılmışdır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 15 mart tarixli 83 nömrəli qərarına əsasən ayrı-ayrı su istifadəçiləri tərəfindən istifadə olunan nasos stansiyalarının və subartezian quyularının istismarında, xüsusilə enerji xərclərinin ödənilməsində yaranmış çətinliklər nəzərə alınaraq onların normal işinin təmin olunması, regionların sosial-iqtisadi inkişafı və yoxsulluğun azaldılması dövlət proqramlarında müəyyən edilmiş tədbirlərin həyata keçirilməsi məqsədilə ötən müddətdə “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin balansına 84,9 min hektar əkin sahəsinin suvarılmasına xidmət edən və saniyədə 68,1 kub metr məhsuldarlığa, 46,9 meqavat gücə malik 185 nasos stansiyası və 949 subartezian quyusu qəbul edilmiş, bu obyektlərdə müvafiq təmir-bərpa işləri aparılaraq işlək vəziyyətə gətirilmişdir.