REGİONLAR
Şose velosipedi üzrə muxtar respublika birinciliyi başa çatıb
Naxçıvan, 19 oktyabr, AZƏRTAC
Şose velosipedi üzrə muxtar respublika birinciliyi keçirilib. “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq!” devizi ilə 16 yaşdan yuxarı məktəblilər arasında keçirilən yarış Naxçıvan şəhərinin yaxınlığında yerləşən Uzunoba gölünün ətrafında 6000 metrlik məsafəni əhatə edib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, qiymətləndirmə finişə qədər sərf olunan vaxt əsasında aparılıb. Şərur velosipedçilərindən Aqşin Hüseynov təyin olunan məsafəni hər kəsdən tez qət edərək finişə birinci, Hüseyn İsayev isə ikinci çatıb. İlk üçlüyü tamamlayan idmançı Naxçıvan şəhərindən Məhəmməd Novruzlu olub.
Gənclər və İdman, Təhsil nazirlikləri ilə Hava və Ekstremal İdman Növləri Federasiyasının birgə təşkil etdiyi yarışın sonunda ilk üçlükdə qərarlaşanlar, həmçinin həvəsləndirici yerlərin sahibləri mükafatlandırılıblar.