SOSİAL MÜDAFİƏ SAHƏSİNDƏ AZƏRBAYCAN-TÜRKİYƏ BİRGƏ DAİMİ KOMİSSİYANIN BEŞİNCİ İCLASI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, aprelin 23-də “Excelsior” hotelində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Türkiyənin Əmək və Sosial Müdafiə Nazirliyi arasında əməkdaşlıq üzrə birgə daimi komissiyanın beşinci iclası keçirilmişdir.
İclasdan əvvəl Türkiyənin əmək və sosial müdafiə naziri Faruk Çelikin rəhbərlik etdiyi nümayəndə heyəti Fəxri xiyabana gələrək müasir Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşdur.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər çiçəklər düzülmüşdür.
Qonaqlar Şəhidlər xiyabanına gedərək, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini anmış, məzarları üzərinə güllər düzmüş, “Əbədi məşəl” abidəsinin önünə əklil qoymuşlar.
Sonra nümayəndə heyəti, şəhid türk əsgərlərinin şərəfinə
ucaldılmış abidəni ziyarət etmiş, önünə əklil qoymuşdur.
Görüş zamanı nazir Füzuli Ələkbərov müstəqillik qazandıqdan sonra ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda bütün sahələrdə əldə olunmuş nailiyyətlər barədə ətraflı məlumat vermişdir. Ümummilli lider Heydər Əliyevin Azərbaycan ilə Türkiyənin dostluq və qardaşlığı haqqında dediyi “Bir millət, iki dövlət” kəlamını xatırladan nazir, ölkələrimiz arasında əmək və əhalinin sosial müdafiəsi sahəsinin öyrənilməsi istiqamətində əlaqələrin son illər sürətlə inkişaf etdiyini söyləmişdir. O demişdir ki, son zamanlar hər iki ölkənin mütəxəssisləri arasında aparılan təcrübə mübadiləsi bu istiqamətdə irəliləyişin əldə edilməsinə müsbət təsirini göstərmişdir.
Birgə daimi komissiya tərəfindən ötən iclaslarda aparılmış müzakirələrdən söz açan F.Ələkbərov demişdir ki, hazırda Azərbaycanda 600-ə yaxın türk iş adamı fəaliyyət göstərir və onlar üçün lazımi şərait yaradılmışdır.
Səmimi görüş üçün təşəkkürünü bildirən və özünü vətənində olduğu kimi hiss etdiyini söyləyən Faruk Çelik, Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulamışdır. İkitərəfli münasibətlərin daha da genişlənməsində qarşılıqlı səfərlərin mühüm əhəmiyyət daşıdığını bildirən qonaq demişdir ki, indiki iclas da bu əlaqələrin inkişaf etdirilməsinə yeni bir töhfə olacaqdır.
Türkiyənin əmək və sosial müdafiə naziri qardaş ölkələrimiz arasında qarşılıqlı iqtisadi, sosial və mədəni əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində atılan addımları, görülən işləri yüksək dəyərləndirmiş, son illər Azəbaycanın sürətli inkişafını, burada baş verən müsbət dəyişiklikləri xüsusi vurğulamışdır.
Birgə daimi komissiyanın beşinci iclasının yekununda tərəflər arasında protokol imzalanmışdır. Sənəddə iki ölkənin əmək və sosial müdafiə sahəsinə aid olan milli qanunvericiliklərdə edilmiş dəyişikliklər barədə bir-birini məlumatlandırması, uşaq əməyinin qarşısının alınması, xarici ölkədə işləyən vətəndaşların əmək fəaliyyəti və sosial müdafiəsi məsələsini tənzimləyən sazişlərin hazırlanması, digər məsələlər öz əksini tapmışdır.
Birgə daimi komissiyanın altıncı iclasının 2009-cu ilin aprelində Ankarada keçirilməsi qərara alınmışdır.
######
![]() |
![]() |
![]() |
![]() |
![]() |




