“SOVET İTTİFAQI ADINDAN ....” KİTABI İCTİMAİYYƏTƏ TƏQDİM OLUNMUŞDUR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Naxçıvanda Heydər Əliyev muzeyində yazıçı-jurnalist, professor Rudolf İvanovun general Cəmşid Naxçıvanskiyə həsr olunmuş “Sovet İttifaqı adından...” kitabının təqdimatı olmuşdur.
Mərasimdə AMEA Naxçıvan bölməsinin sədri akademik İsmayıl Hacıyev kitabın məziyyətlərindən danışmış, onu hərb tariximizə sanballı töhfə kimi dəyərləndirmişdir.
Məlumat verilmişdir ki, 800 səhifədən və 19 fəsildən ibarət kitabda Cəmşid Naxçıvanskinin həyat və fəaliyyəti, onun fərdi keyfiyyətləri və sərkərdəlik bacarığı fakt və arxiv sənədləri ilə diqqətə çatdırılmışdır. Nəşrdə görkəmli sərkərdənin həyat və fəaliyyətinə dair 220-dən artıq müxtəlif illüstrasiya, sənəd, o cümlədən 80-dən çox partiya və dövlət sənədi verilmişdir.
Kitabın müəllifi Rudolf İvanov tədbirdə çıxış edərək Naxçıvanın bəşər tarixinə bəxş etdiyi görkəmli şəxsiyyətlər arasında Cəmşid Naxçıvanskinin də mühüm yer tutduğunu qeyd etmişdir.
O, tədqiqat apararkən müxtəlif arxivlərlə əlaqə saxladığını, Cəmşid Naxçıvanskinin keçdiyi döyüş yolunu, hərb sənətindəki rolunu geniş şəkildə araşdırdığını, nəticədə görkəmli sərkərdənin həyatına və faciəli ölümünə dair arxiv materialları əldə etdiyini, gələcəkdə də Naxçıvan xanlığının görkəmli nümayəndələri haqqında tədqiqatlar aparacağını bildirmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Cəmşid Naxçıvanski kimi şəxsiyyətlərin xalqımızın milli qüruru olduğunu qeyd etmişdir. Bildirmişdir ki, bu amili əsas götürən möhtərəm Heydər Əliyev hələ 1970-ci ilin avqustunda MK-nın “Cəmşid Naxçıvanskinin adının əbədiləşdirilməsi haqqında” qərarını imzalamışdı. Bu qərara əsasən, generalın vətəni Naxçıvanda ev-muzeyi yaradıldı. Qərarda yeni yaradılacaq respublika hərbi təmayüllü məktəbinə Cəmşid Naxçıvanskinin adının verilməsi barədə bənd də var idi. Bununla əlaqədar Bakının Zığ qəsəbəsində S.Şaumyanın adını daşıyan məktəbin adı və təyinatı dəyişdirilərək Çəmşid Naxçıvanski adına hərbi məktəbə çevrildi. Bu böyük cəsarət nümunəsi, millətin tarixi şəxsiyyətinin layiq olduğu səviyyədə bəraəti yolunda atılan dəyərli addım idi. Bu, həm də ümummilli liderimizin məxsus olduğu millətin sərkərdələr sülaləsinə böyük töhfəsi idi.
Natiq sözünə davam edərək demişdir ki, Azərbaycan müstəqillik qazandıqdan sonra onun tarixinin yenidən işlənməsi, məşhur şəxsiyyətlərin xalqımıza qaytarılması yolunda ulu öndərimizlə başlanan iş ölkə rəhbəri və Heydər Əliyev Fondu tərəfindən uğurla davam etdirilir. Bizim üçün xoşdur ki, bu tədqiqatların bir qismi də tarixçi-publisist Rudolf İvanov tərəfindən aparılmışdır. Rudolf İvanovun “Bayazidin müdafiəsi: həqiqət və yalan” kitabında general İsmayıl xan Naxçıvanskinin Bayazid qalasının müdafiəsində göstərdiyi sərkərdəlik məharəti konkret faktlar və sənədlərlə öz təsdiqini tapmışdır. Yazıçı-tədqiqatçının “Əlahəzrətin general-adyutantı” kitabında isə Hüseyn xan Naxçıvanskinin keçdiyi həyat yolundan, hərbi şücaətindən bəhs edilir.
Ali Məclisin sədri “Sovet İttifaqı adından…” kitabının böyük faydasına, sanballı tədqiqat materiallarına görə professor Rudolf İvanova təşəkkür etmişdir.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 18 oktyabr 2007-ci il tarixli fərmanı ilə Rudolf Nikolayeviç İvanov Naxçıvan Muxtar Respublikasının “Əməkdar jurnalisti” fəxri adına layiq görülmüşdür.
Vasif Talıbov “Əməkdar jurnalist” fəxri adının döş nişanı və vəsiqəsini sahibinə təqdim etmişdir.
Müəllif əməyinə verilən yüksək qiymətə görə minnətdarlığını bildirmiş, Naxçıvan həqiqətlərinin üzə çıxarılması istiqamətində bundan sonra da elmi-publisistik fəaliyyətini davam etdirəcəyinə söz vermişdir.