CƏMİYYƏT
Soyğunçuluq hadisələrinin üstü açılmışdır
Bakı, 28 yanvar (AZƏRTAC). Paytaxtın Səbail rayonunda Lalə Salmanovanın soyğunçuluq yolu ilə pulu, iki mobil telefonu və qızıl sırğası alınmışdır.
Rayon polis idarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin Bakı şəhər sakini Kamal İsmayılov tərəfindən törədildiyi müəyyən edilmişdir.
Sumqayıt şəhərində isə naməlum şəxs Tahir Cahangirovu bıçaqla hədələyərək ona məxsus mağazadan pul və danışıq kartları aparmışdır.
Hadisəni törətmiş şəhər sakini, əvvəllər məhkum olunmuş Elşad Abdullayev şəhər polis idarəsinin əməkdaşları tərəfindən tutulmuşdur.
Aparılmış əməliyyat tədbirləri nəticəsində onun Sərraf Piriyevə məxsus aptekdə işləyən Sona Piriyevanı və Xəyalə Məmmədovanı bıçaqla hədələyərək “Tropin” dərman həbləri tələb etməsi də müəyyənləşdirilmişdir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, faktlarla bağlı cinayət işi açılmışdır, araşdırmalar aparılır.