ELM VƏ TƏHSİL
STEAM layihəsi 320 məktəbi əhatə edir
Bakı, 16 sentyabr, AZƏRTAC
2022-2023-cü tədris ilində STEAM layihəsi 320 ümumtəhsil məktəbini və 18 STEAM mərkəzini əhatə edir.
Bu barədə AZƏRTAC-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, cari tədris ilində ümumilikdə 135 000-ə yaxın şagird STEAM tədrisinə cəlb edilib.
Həmçinin bu il Cəlilabad Peşə Liseyi, Qax şəhəri 2 nömrəli tam orta məktəb, Şəki şəhəri Kimya-biologiya təmayüllü lisey və Ağdam rayonu Baharlı kəndində yeni STEAM mərkəzlərinin fəaliyyətə başlaması nəzərdə tutulur.
Qeyd edək ki, STEAM layihəsinin məqsədi təhsilalanlarda tənqidi, yaradıcı düşüncə, əməkdaşlıq etmə və digər bu kimi XXI əsr bacarıqlarını formalaşdırmaq, yaradıcı proses vasitəsilə öyrənmə imkanı yaratmaq, fənləri inteqrativ, real problemlərin həlli istiqamətində tətbiqlərə əsaslanan vahid öyrənmə modelində birləşdirmək, müxtəlif proqramlaşdırma dillərini tətbiq etməklə müasir İKT avadanlıqlarından istifadə edə bilmə qabiliyyətlərini yüksəltməkdir.