Stolüstü tennis üzrə Azərbaycan Kuboku yarışları başa çatıb
Gənclər və İdman Nazirliyinin, Azərbaycan Stolüstü Tennis Federasiyasının birgə təşkilatçılığı ilə “Şüa” İdman-Sağlamlıq Kompleksində keçirilən stolüstü tennis üzrə Azərbaycan Kuboku uğrunda yarış oktyabrın 22-də başa çatıb.
AZƏRTAC xəbər verir ki, federasiyanın vitse-prezidenti Fazil Məmmədov yarışın bağlanış mərasimində çıxış edərək ölkəmizdə idmanın inkişafına göstərilən diqqət və qayğıdan söz açıb. O, beynəlxalq yarışlarda idmançılarımızın qazandıqları uğurların məhz bu diqqət və qayğının göstəricisi olduğunu bildirib. Ölkəmizdə Olimpiya hərəkatının inkişafından, idmançılarımızın olimpiadalarda uğurlu çıxışlarından danışan F.Məmmədov tennisçimiz Bilal Həsənovun federasiya tərəfindən Polşanın Leqnica şəhərindəki İdman İnstitutunda təhsilini davam etdirməyə göndərildiyini vurğulayıb.
Diqqətə çatdırılıb ki, yarışın keçirilməsində məqsəd Avropa və dünya çempionatlarında iştirak edəcək yığma komandanın üzvlərini formalaşdırmaq, eləcə də gənclərin stolüstü tennisə marağını artırmaqdır. Beş gün davam edən yarış həm şəxsi, həm də komanda formatında, beynəlxalq stolüstü tennis qaydalarına uyğun keçirilib.
Sonra turnirin qalibləri mükafatlandırılıb.
Kişilər arasında komanda yarışlarında birinci yeri Təhsil Respublika İdman Mərkəzi (RİM), ikinci yeri Bakı Tennis Məktəbi (BMT), üçüncü yeri Sumqayıt şəhərinin komandası tutub. Qadınlar arasında komanda yarışında isə birinci yerdə “NN” idman klubu, ikinci yerdə “AzTelekom”, üçüncü yerdə isə Sumqayıt komandaları yer alıb.
Qadınlar arasında şəxsi yarışda Zou Çui, Billurə Eminova və Rüfət Quliyeva müvafiq olaraq ilk üç yerə çıxıb. Kişilər arasında isə Fərhad İsmayılov birinci, Ramil Cəfərov ikinci, Bilal Həsənov isə üçüncü olub.
Kişilər arasında qoşa yarışlarda Xəyal Həşimli-Bilal Həsənov, Əli Bayramov-Ramil Cəfərov və Anar Məmmədov-Cəfər Cəfərov cütlükləri fəxri kürsünün ən yüksək pillələrində qərarlaşıblar.
Qadınlar arasında qoşa yarışlarda Zou Çui-Məryəm İmanova qızıl, Nəzrin Əhmədova-Şərmin Şirinova gümüş, Billurə Eminova-İnarə Məmmədova bürünc medalla kifayətlənib.
Qarışıq qoşa yarışlarda isə Rüfət Quliyeva-Bilal Həsənov birinci, Zou Çui-Xəyal Həşimli ikinci, İmanova Məryəm-Anar Məmmədov üçüncü olub.
Qaliblərə kubok və hədiyyələr təqdim edilib.