STRASBURQDA 28 MAY – RESPUBLİKA GÜNÜ MÜNASİBƏTİLƏ BİR SIRA TƏDBİRLƏR KEÇİRİLMİŞDİR
Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəliyindən AZƏRTAC-a bildirmişlər ki, qurum Strasburqda 28 May - Respublika günü münasibətilə Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi ilə birgə bir sıra tədbirlər keçirmişdir.
Avropanın ən möhtəşəm kilsələrindən biri olan Strasburq Kafedralında Azərbaycan uşaq xorunun və uşaq simfonik orkestrinin böyük konserti, Avropa Şurası Nazirlər Komitəsində isə gənc azərbaycanlı rəssamların əsərlərindən ibarət sərgi təşkil edilmişdir.
Azərbaycan uşaq xoru və uşaq simfonik orkestri, Bakı Xoreoqrafiya Məktəbinin şagirdləri və muğam ifaçılarımız Strasburqun möhtəşəm “Palais de la Musique et des Congres” sarayında böyük konsert vermişdir.
Tədbirdə nümayəndəliyin rəhbəri Arif Məmmədov 28 May - Respublika günü barədə məlumat vermiş, ölkəmizin hərtərəfli inkişafı, Avropaya inteqrasiyası və bu sahədə əməkdaşlıq barədə ətraflı danışmışdır.
Konsertlərin yüksək səviyyədə təşkili, proqramı, xüsusilə də gənc musiqiçi və ifaçıların məharəti tamaşaçılarda böyük maraq doğurmuşdur.
Strasburqda bu səviyyədə ilk dəfə təşkil edilən tədbirlərdə Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov, AŞPA-nın sədri Luis Maria de Puç, AŞ baş katibinin müavini xanım Mod de Bur Bukikio, AŞ-ın mədəniyyət, təhsil, gənclik və idman bölməsinin direktoru xanım Qabriella Batayani-Draqoni, Venesiya Komissiyasının katibi Canni Bukikkio və qurumun digər yüksək vəzifəli nümayəndələri, təşkilata üzv ölkələrin daimi nümayəndələri, Strasburqun dövlət və yerli özünüidarə orqanlarının məsul şəxsləri, Azərbaycan icmasının nümayəndələri və bu şəhərdə təhsil alan azərbaycanlı tələbələr iştirak etmişlər.
Konsertdən sonra diplomatik qəbul təşkil edilmişdir.