Su təsərrüfatı sahəsində səmərəli fəaliyyətinə görə təltif olunan əməkdaşlara mükafatlar təqdim olunub
Bakı, 3 avqust, AZƏRTAC
5 iyun - “Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramı ərəfəsində Prezident İlham Əliyevin Sərəncamları ilə “Əməkdar mühəndis” fəxri adı alan və “Tərəqqi” medalına layiq görülən, həmçinin “Azərsu” ASC-nin Fəxri fərmanı ilə təltif olunan əməkdaşlara mükafatların təqdim olunması mərasimi keçirilib.
ASC-dən AZƏRTAC-a bildirilib ki, “Azərsu” sədrinin birinci müavini Teyyub Cabbarov təltif olunmuş əməkdaşları təbrik edərək istehlakçıların içməli və tullantı su xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq genişmiqyaslı işlərin görüldüyünü, mühüm layihələrin həyata keçirildiyini diqqətə çatdırıb: “Əhalinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına hesablanmış bu layihələrin icrasında su təsərrüfatı işçilərinin böyük əməyi vardır”.
Su təsərrüfatı və meliorasiya sahəsi işçilərinin əməyini yüksək qiymətləndirən Prezident İlham Əliyev 2014-cü il 14 may tarixdə imzaladığı Sərəncamla 5 iyun - “Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramı təsis edilib.
Hər il peşə bayramı ərəfəsində bir qrup su təsərrüfatı işçisi fəxri ad və medallarla təltif olunur.
Prezident İlham Əliyevin 2022-ci il 4 iyun tarixli Sərəncamına əsasən su təsərrüfatı sahəsində səmərəli fəaliyyətinə görə “Azərsu” ASC-nin 1 əməkdaşı “Əməkdar mühəndis” fəxri adına layiq görülüb, 12 əməkdaşı isə “Tərəqqi” medalı ilə təltif olunub. Bununla yanaşı, əmək fəaliyyətində fərqlənən 102 əməkdaş “Azərsu”nun Fəxri fərmanına, 108 əməkdaş isə təşəkkürnaməyə layiq görülüb.
Tədbirdə su təsərrüfatı sahəsində səmərəli fəaliyyətinə görə təltif olunan ASC əməkdaşlarına “Əməkdar mühəndis” fəxri adının vəsiqəsi, “Tərəqqi” medalları, Fəxri fərman və təşəkkürnamələr təqdim olunub.
Təltif edilən əməkdaşlar su təsərrüfatı işçilərinin əməyinə verdiyi qiymətə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirib, göstərilən etimadı doğrultmaq üçün bundan sonra da əzmlə çalışacaqlarını vurğulayıblar.