İQTİSADİYYAT
Sudan qeyri-qanuni istifadə hallarının aradan qaldırılması istiqamətində nəzarət tədbirləri davam etdirilir
Bakı, 13 avqust (AZƏRTAC). İçməli suyun dəqiq uçotunun aparılması və sudan qeyri-qanuni istifadə hallarının aradan qaldırılması istiqamətində nəzarət tədbirləri davam etdirilir. Həmçinin, “smart-kart” tipli su sayğaclarının tətbiqinin genişləndirilməsi də belə halların aşkarlanmasını asanlaşdırır.
“Azərsu” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, “Su təchizatı və tullantı suları haqqında” qanunun tələblərini əsas götürməklə qurumun Kommersiya və Daxili nəzarət departamentlərinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsində yerləşən, fiziki şəxs Elşad Abdullayevə məxsus qarajda içməli sudan qeyri-qanuni istifadə halı aşkarlanmışdır. Belə ki, cari ilin iyun ayında obyektdə “smart-kart” tipli su sayğacı quraşdırılsa da, ötən müddətdə heç bir ödəniş aparılmamış, qarajın yerləşdiyi ərazidə fəaliyyət göstərən avtoyuma, kafe və avtomobil təmiri sexlərində içməli sudan qeyri-qanuni istifadə edilmişdir. Obyektin su təchizatı sisteminə baxış keçirilərkən məlum olmuşdur ki, burada qeyri-qanuni çəkilmiş su xəttindən istifadə olunmuşdur.
Bununla əlaqədar fakt aktlaşdırılmış və obyektin su təchizatı dayandırılmışdır. Sudan qeyri-qanuni istifadə halına görə “Azərsu” ASC-yə dəymiş zərər qiymətləndiriləcək və fiziki şəxs Elşad Abdullayevə qarşı cərimə tətbiq olunacaqdır.
Qeyd edək ki, həmin obyektin sahibi içməli sudan qeyri-qanuni istifadə etdiyinə görə bundan əvvəl də cərimə olunmuşdur.