“Sumqayıt–Çyu Cou: əməkdaşlıq üfüqləri” elmi seminarı keçirilib
Bakı, 1 may, AZƏRTAC
Azərbaycan Dillər Universiteti (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda Dünya Qardaş Şəhərlər Gününə həsr olunan “Sumqayıt-Çyu Cou: əməkdaşlıq üfüqləri” mövzusunda tələbə-elmi seminarı keçirilib.
ADU-dan AZƏRTAC-a bildirilib ki, açılış nitqi ilə çıxış edən Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov Azərbaycanın və Çinin ayrı-ayrı bölgələri arasında iqtisadi əlaqələrin inkişafından danışaraq Prezident İlham Əliyevin “Bir kəmər, bir yol” İkinci Beynəlxalq Forumunda iştirakının əhəmiyyətini vurğulayıb. O, həmçinin qeyd edib ki, Sumqayıt Kimya Sənaye Parkının rezidenti olan “China National Electric Engineering” şirkətinin rəhbərliyi ilə Prezident İlham Əliyevin görüşünün keçirilməsi və Sumqayıt Kimya Sənaye Parkında şin zavodunun tikintisi ilə bağlı niyyət protokolunun imzalanması Azərbaycan-Çin əməkdaşlığının kimya sənayesində intensivləşməsinə xidmət edəcək.
Seminarda çıxış edən Konfutsi İnstitutunun əməkdaşı Nigar Qocayeva Sumqayıtın sosial-iqtisadi inkişafı və beynəlxalq əlaqələri tarixindən danışıb. O qeyd edib ki, Sumqayıtın Çinin Xunan əyalətində yerləşən qardaş şəhəri - Çyu Cou “Qızıl Çançjutan üçbucağı” aqlomerasiya tərkib hissəsidir və qabaqcıl metallurgiya, kimya sənayesi və maşınqayırma ilə fərqlənir. Çyu Cou şəhərində də çoxsaylı xarici şirkətlərin filiallarının yerləşdiyi yüksək texnologiyalar zonası var.
Seminarın sonunda Prezident İlham Əliyevin Çinə səfərinin nəticələri və Azərbaycanın iqtisadi inkişafının yeni perspektivləri barədə fikir mübadiləsi aparılıb.