Sumqayıt məktəblilərinə “Azərbaycan inciləri dünya muzeyində” mövzusunda mühazirə oxunub
Sumqayıt, 26 yanvar, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıt Dövlət Rəsm Qalereyası şəhərin 35 nömrəli tam orta məktəbində “Azərbaycan inciləri dünya muzeyində” mövzusunda mühazirə keçirib.
Qalereyanın direktoru Ellada Rəsulova AZƏRTAC-a bildirib ki, tədbirin məqsədi şagirdlərin təsviri incəsənət tarixinə dair biliklərini artırmaqdır. Tədbirdə qalereyanın əməkdaşları Azərbaycan təsviri incəsənətinin tarixi haqqında geniş məlumat veriblər.
Bildirilib ki, Azərbaycan ustalarının hazırladığı incəsənət nümunələri hələ erkən dövrlərdən bütün dünyaya yayılıb və bədii mükəmməlliyi ilə şöhrət qazanıb. Bu gün də İstanbulda “Topqapı” sarayı, Parisdə “Luvr” , Londonda “Viktoriya və Albert”, Nyu-Yorkda “Metropoliten” və digər muzeylərdə Azərbaycan ustalarının yaratdığı incəsənət nümunələrinə rast gəlmək olar.
Daha sonra mövzu ətrafında şagirdlərlə diskussiya aparılıb. Sonda Xalq rəssamı Mikayıl Abdullayev haqqında “Rənglə yazılmış tarix” adlı sənədli film nümayiş olunub.