SUMQAYIT ÖZƏL ORTA İXTİSAS KOLLECİNİN 15 YAŞI TAMAM OLMUŞDUR
AZƏRTAC xəbər verir ki, mayın 22-də Sumqayıt Özəl Orta İxtisas Kollecinin yubileyi qeyd olunmuşdur. Ölkəmizin və xalqımızın rifahı naminə titanik fəaliyyətinə görə ümummilli lider Heydər Əliyevə daim minnətdar olan kollecin kollektivi ulu öndərin nurlu xatirəsini dərin ehtiramla yad etmək üçün səhər Fəxri xiyabana gəlmiş, dahi liderin və görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarları önünə əklil və gül dəstələri qoymuşlar.
Həmin gün kollecdə bayram əhval-ruhiyyəsi hökm sürürdü. Şəhərdə yaxşı ad qazanmış təhsil müəssisəsinin 15 illik yubileyini təbrik etmək üçün çoxlu qonaq gəlmişdi.
Ötən illər ərzində təhsil ocağı 4 min məzuna həyata vəsiqə vermişdir, onların təxminən 100 nəfəri təhsili əla qiymətlərlə başa vurmuşdur. Kollecin 15 illik tarixi dəhlizdə təşkil olunmuş fotosərgidə, habelə bu münasibətlə nəşr olunmuş kitabda əksini tapmışdır. Məktəbdə görkəmli dövlət xadimi Heydər Əliyevin xatirə guşəsi yaradılmışdır.
Qonaqları qarşılayan kollecin yaradıcısı və direktoru, pedaqoji elmlər namizədi Mövsüm Alışov təhsil ocağının nailiyyətləri barədə fəxrlə danışırdı. Şəhərin mərkəzində 6 min kvadratmetr sahədə gözəl kompleks yaradılmışdır. Dördmərtəbəli təhsil korpusunda hər cür şərait vardır. İşıqlı, yaxşı təchiz olunmuş auditoriyalar, kompyuter mərkəzi, zəngin fonda malik kitabxana, klub, emalatxanalar, habelə idman kompleksi, kiçik qazanxana və yeməkxana şagirdlərə və yüksək ixtisaslı professor-müəllim heyətinə xidmət edir. Abad həyətyanı sahədəki fəvvarə göz oxşayır.
Kollecin akt zalında yubiley tədbiri keçirilmişdir. Çıxış edənlər təhsil ocağının yaranma və inkişaf tarixindən, habelə uğurlarından danışmışlar. Bildirilmişdir ki, 1993-cü ildə pedaqoji seminariya kimi yaradılan məktəb Dövlət Ekspert Komissiyasının keçirdiyi monitorinqlərdən sonra və Prezident Heydər Əliyevin xeyir-duası ilə 1997-ci ilin oktyabrında özəl orta ixtisas kolleci statusunu almışdır. Əyani və qiyabi bölmələrdə təhsil alan şagirdlər Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən qəbul olunur. Geniş profilli təhsil müəssisəsi orta məktəblər üçün ibtidai sinif, xarici dillər müəllimləri, habelə mühasib, bank işçisi və maliyyəçi hazırlayır.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin, şəhər bələdiyyəsinin, müəssisə və idarələrin rəhbərləri, alimlər kollektivi yubiley münasibətilə təbrik edərək, onun layiqli kadrlar hazırlanmasında rolunu vurğulamış, hədiyyələr təqdim etmişlər.
Sonda Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olunmuşdur.
######
