SUMQAYIT PROKURORLUĞUNUN İŞÇİLƏRİ ULU ÖNDƏRİN XATİRƏSİNİ YAD ETDİLƏR
Mayın 10-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 85-ci ildönümü münasibətilə Sumqayıt prokurorluğunun əməkdaşları Azərbaycanın görkəmli siyasi, ictimai və dövlət xadimi Heydər Əliyevin abidəsini ziyarət etdilər. Abidənin önünə tər çiçəklər qoyuldu.
Sonra şəhər prokurorluğunun konfrans salonunda ulu öndərin anadan olmasının 85 illiyinə həsr edilmiş mərasim keçirildi. Prokurorluq əməkdaşları Azərbaycanın unudulmaz Prezidenti Heydər Əliyevin işıqlı xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Sumqayıt prokuroru, baş ədliyyə müşaviri Dağlar Zeynalov öz çıxışında müstəqil dövlətimizin yaradılmasında və inkişafında Heydər Əliyevin tarixi xidmətlərini xatırladaraq vurğuladı ki, Azərbaycan xalqının şanlı oğlu, 34 il respublikaya rəhbərlik etmiş Heydər Əliyevin bilavasitə iştirakı ilə həyata keçirilmiş hüquq islahatları nəticəsində ölkəmizdə insanların demokratik hüquqlarının hərtərəfli bərqərar olunması təmin edilmişdir. O dedi ki, Azərbaycanın müasir tarixində ən əlamətdar hadisələr Heydər Əliyevin adı ilə qırılmaz tellərlə bağlıdır. Məhz onun siyasi uzaqgörənliyi, möhtəşəm fəaliyyəti sayəsində dövlətimiz dünya birliyində öz layiqli yerini tutmuş, ölkədə qanunçuluğa və vətəndaş azadlıqlarına tam təminat verən vətəndaş cəmiyyəti formalaşmışdır.
Bu gün regionda lider mövqelərini inamla saxlayan ölkəmizin nailiyyətləri Heydər Əliyev tərəfindən qəbul edilmiş, bu gün dövlətimizin başçısı İlham Əliyev tərəfindən uğurla və inamla davam etdirilən siyasi xəttin düzgün və sarsılmaz olmasına dəlalət edir.
Heydər Əliyevin xatirəsinin anılması mərasimində Yeni Azərbaycan Partiyası şəhər təşkilatının sədri Asif İmaməliyev və Qubadlı rayon prokuroru Qabil Əliyev iştirak etmişdir.
######
