SUMQAYITDA ABONENTLƏRDƏN SU PULUNUN ÖDƏNİLMƏSİ SƏVİYYƏSİNİ ARTIRMAQ ÜÇÜN KONKRET TƏDBİRLƏR GÖRÜLÜR
Dövlətimizin başçısı İlham Əliyevin ölkə əhalisinin enerji daşıyıcıları ilə təchizatının yaxşılaşdırılması, eləcə də onlardan istifadə haqqının tam məbləğdə ödənilməsinin təmin edilməsi barədə Sərəncamına müvafiq olaraq Sumqayıtda konkret təşkilati-maarifçilik tədbirləri həyata keçirilir.
Mayın 18-dən başlayaraq 3 gün müddətində şəhərdə içməli və texniki su təchizatı ilə bağlı ciddi problemlər yaranmışdı. Buna səbəb külli miqdarda borcu yarandığına görə “Sumqayıtelektrikşəbəkə” tərəfindən “Azərsu” SC-yə elektrik enerjisi verilməsinin dayandırılması olmuşdur.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, apreldə əhalinin istifadə etdiyi içməli suyun haqqının yığılma göstəricisi 41,1 faiz olmuşdur. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 20 faiz çox olsa da, həmin göstəricinin səviyyəsi qənaətbəxş sayıla bilməz. Enerji daşıyıcılarından və kommunal xidmətlərdən istifadə haqqının yığılması məsələlərini tənzimləmək və bu işdə sistem yaratmaq məqsədilə Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında xüsusi qərargah fəaliyyət göstərir.
Qərargahın növbəti iclası mayın 22-də olmuşdur. Azərbaycan Prezidenti Aparatının məsul işçisi Canpolad Musayevin və “Azərsu” SC-nin vitse-prezidenti Mirkamil Seyidovun iştirak etdiyi həmin iclasda müəssisə, idarə və təşkilatların, müvafiq qurumların rəhbərlərinin məlumatları dinlənilmişdir. İclasda konkret vəzifələr müəyyən edilmiş, abonentlərin istifadə etdikləri suyun haqqının vaxtında ödənilməsinin təşkili ilə bağlı aktual problemlər nəzərdən keçirilmiş, müvafiq tövsiyələr verilmişdir.
Xatırladaq ki, Sumqayıtda içməli su istehlakçısı olan abonentlərin sayı 65.400-ə bərabərdir. Şəhərdə artıq 30 min su sayğacı quraşdırılmışdır. Su sayğaclarının quraşdırılması kampaniyası davam edir.