CƏMİYYƏT
Sumqayıtda baş vermiş yanğın zamanı xəsarət alan olmuşdur
Bakı, 26 may (AZƏRTAC). Sumqayıt şəhərindəki səthi aktiv maddələr zavodunun ərazisində sökmə işləri aparan KATO-1023 markalı zəncirli divar dağıdan ekskavator və ətrafa dağılmış yanacaq xeyli sahədə yanmışdır.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, hadisə yerinə cəlb olunmuş yanğınsöndürənlər alovun qarşısını almış, yaxınlıqdakı tikililəri yanğından mühafizə etmişlər. Yanğın zamanı ekskavatorun sürücüsü əllərindən yüngül yanıq xəsarətləri almışdır. Ona yerində ilkin tibbi yardım göstərilmişdir.
Göygöl rayonunun Hacıməlik kəndində vətəndaşa məxsus ümumi sahəsi 96 kvadratmetr olan ikimərtəbəli, altı otaqlı fin tipli evdə yanğın qeydə alınmışdır.
Hadisə nəticəsində evin bir otağı yanmışdır.
Burada da yanğınlar söndürülmüş, evin qalan hissəsi alovdan mühafizə olunmuşdur.