REGİONLAR
Sumqayıtda keçirilən yeniyetmə cüdoçular arasında şəhər birinciliyinə 300-ə yaxın idmançı qatılıb
Xırdalan, 19 aprel, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıt Olimpiya İdman Kompleksində 15 yaşa qədər yeniyetmə cüdoçular arasında “Şuşa İli”nə həsr olunan şəhər birinciliyi keçirilib. Yarış Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin və Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə reallaşıb. Yarışa şəhərdə fəaliyyət göstərən 14 məktəb, cəmiyyət və klublardan 300-ə yaxın idmançı qatılıb.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, açılış mərasimində Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Elgün Hümbətov və Azərbaycan Cüdo Federasiyası prezidentinin müşaviri, Əməkdar idman ustası Natiq Bağırov çıxış ediblər.
İki gün gərgin idman mübarizəsi şəraitində davam edən yarışda ümumilikdə 20 çəki dərəcəsində qaliblər müəyyənləşib. Bunlardan Aylın Məcidli (28 kq), Zəhra Quliyeva (32 kq), Nigar Məmişova (36 kq), Nigar Əliyeva (40 kq), Fatimə Qurbanova (44 kq), Nazlı Səfərli (48 kq), Milena Hüseynova (52 kq), Nərmin Yusufova (57 kq), Bənurə Bağırova (63 kq), Nuranə Məhərrəmova (+63 kq) qızlar arasında, Bəhruz Şıxəliyev (34 kq), Fərid Xuduyev (38 kq), Elməddin Gözəlov (42 kq), Abdullah Kərimov (46 kq), Kamal İbadov (50 kq), Ramazan Rzayev (55 kq), Emil Şirinov (60 kq), İbrahim Balayev (66 kq), Bəhruz Məmmədov (73 kq) və Polad Poladov isə (+73 kq) oğlanlar arasında fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Ümumkomanda hesabında Təhsil Respublika İdman Mərkəzini Sumqayıt şəhər 2 nömrəli Uşaq Gənclər İdman Şahmat Məktəbinin komandası birinci, Təhsil Respublika İdman Mərkəzini Sumqayıt şəhər 1 nömrəli İxtisalaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin və Neftçi-İdman Cəmiyyətinin Sumqayıt bölməsinin komandaları isə müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar.
Yarışın qalib və mükafatçıları fəxri fərman, medal və hədiyyələrlə təltif olunublar.