İQTİSADİYYAT
Sumqayıtda kimya sahəsində nanotexnologiyaların tətbiqi məsələləri müzakirə edilmişdir
Sumqayıt, 16 yanvar (AZƏRTAC). Bu günlərdə ARDNŞ-in “Azərikimya” İstehsalat Birliyinin baş ofisində keçirilmiş işgüzar görüş respublikanın neft-kimya kompleksində nanotexnologiyaların tətbiqi məsələlərinə həsr olunmuşdur. Görüşdə Respublika Dövlət Neft Şirkətinin strukturuna daxil olan “Azərikimya” İstehsalat Birliyinin və “Nanotexnologiyalar” Elmi-İstehsalat Mərkəzinin rəhbərləri iştirak etmişlər.
“Nanotexnologiyalar” EİM-in direktoru Eldar Şahbazov mərkəzin fəaliyyətindən bəhs edərək əlavə xammal materialları və enerji daşıyıcıları məsrəfi olmadan istehsalın səmərəliliyinin artırılmasında mütərəqqi, yüksək texnoloji metodların və texnologiyaların üstün rolunu qeyd etmişdir. Neft-kimya sahəsi üçün yeni, yüksək keyfiyyətli nanokimyəvi reagentlərin yaradılması EİM-in fəaliyyətinin əsasını təşkil edir. Məsələn, nanotexnologiyaların tətbiqi, yeni nanosistemlərin işlənib hazırlanması texnoloji avadanlığın korroziyasının qarşısını almağa, bununla da onların istifadə müddətinin artmasına, buraxılan məhsulun keyfiyyətinin yüksəlməsinə və həcminin artmasına, bütövlükdə neft-kimya sənayesinin və ölkə iqtisadiyyatının digər sahələrinin daha da inkişaf etməsinə kömək göstərir.
Görüşdə, həmçinin “Azərikimya” müəssisələrində nanotexnologiyaların tətbiqi sahəsində qabaqcıl xarici təcrübədən istifadə edilməsinin aktuallığından danışılmışdır. Kimya müəssisələrinin yeniləşməsini və modernləşdirilmiş istehsalatların yaradılmasını, habelə müasir kimya sənayesi parkının qurulmasını nəzərə alaraq əməkdaşlıq perspektivi müəyyənləşdirilmişdir. Görüşün iştirakçıları “Nanotexnologiyalar” EİM-in Sumqayıt şöbəsinin yaradılmasının məqsədəuyğunluğunu müzakirə etmişlər, onun texniki-iqtisadi əsaslarına dair sənədlərin birlikdə hazırlanması barədə ilkin razılıq əldə edilmişdir.