SUMQAYITDA KİTAB BAYRAMI
Mayın 10-da sumqayıtlıların sevimli istirahət yeri olan Heydər parkında Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 85 illiyinə həsr edilmiş böyük kitab bayramı keçirildi.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Sumqayıt şəhərinin kitabxana fondunda müxtəlif janrlara aid 650 min nüsxəyə yaxın ədəbiyyat vardır. Bayram münasibətilə təşkil edilmiş sərgidə latın qrafikası ilə çap edilmiş 10 min nüsxədən artıq kitab nümayiş etdirilirdi. Bu kitablar bölmələr üzrə sistemləşdirilmişdi: müasir və klassik Azərbaycan ədəbiyyatı, uşaq ədəbiyyatı, sumqayıtlı yazıçıların əsərləri və s.
Xalqımızın ulu öndəri Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş əsərlər sərgidə xüsusi yer tuturdu. Rəflərdə ulu öndərin dühasını tərənnüm edən şeir məcmuələri, Prezidentin nitqləri və çıxışları, zəmanəmizin görkəmli şəxsiyyətlərinin Heydər Əliyev haqqında xatirələri toplanmış kitablar düzülmüşdü.
Kitab bayramına gələnlər orada sərgiyə qoyulmuş çap məhsulları ilə tanış olan müddətdə efirdə Sözün və Kitabın mənası və əhəmiyyəti haqqında səslənən aforizmlər tədbir iştirakçılarını kitabla dost olmağa, biliklərə yiyələnməyə dəvət edirdi.
Tədbirdə iştirak edən Sumqayıt İcra Hakimiyyətinin başçısı Vaqif Əliyev, Mədəniyyət və Turizm Nazirliyinin bölmə müdiri Lətifə Məmmədova, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Firuzə Quliyeva və başqaları bu mühüm tədbirin miqyasından və təşkilindən razı qaldıqlarını bildirdilər. Qeyd edildi ki, kitab bayramının məhz bu gün - ana dilini gözəl bilən, gözəl natiq olan ulu öndərin ad günündə keçirilməsi ən məşhur azərbaycanlı - ölkəmizdə keçirilən mütərəqqi islahatların onun adı ilə bağlı olduğu Heydər Əliyevin xatirəsinə hörmət və ehtiram əlamətidir.
Yeri gəlmişkən, Heydər parkında aparılmış yenidənqurma işlərindən sonra bura daha gözəl görünürdü. Parkda şəhər sakinlərinin istirahəti və əylənməsi üçün hər cür şərait yaradılmışdır. Parkın ərazisi abadlaşdırılmış, yeni attraksionlar quraşdırılmış, müasir işıq fənərləri qurulmuş, gözəl çiçək ləkləri, fəvvarələr düzəldilmişdir. Parkın bütün perimetri boyunca qırmızı qranitdən hasar çəkilmişdir.
Heydər parkında kütləvi gəzinti axşamdan xeyli keçənə qədər davam etdi.
######
