SUMQAYITDA RESPUBLİKA GÜNÜ QEYD EDİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, mayın 27-də Sumqayıtda, kimyaçıların Üzeyir Hacıbəyov adına mədəniyyət sarayında 28 May - Respublika günü münasibətilə tədbir keçirilmişdir.
Tədbirdə iştirak edən dövlət strukturlarının, sənaye müəssisələrinin, özəl sektorun, ictimai təşkilatların rəhbərləri, tanınmış şəxslər, eləcə də şəhər ictimaiyyətinin nümayəndələri Azərbaycanın dahi oğlu, görkəmli dövlət xadimi və siyasi xadim Heydər Əliyevin müasir müstəqil Azərbaycanın tarixində rolu və dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi altında respublikanın qazandığı uğurlar haqqında sənədli filmə tamaşa etmişlər. Sarayın foyesində qoyulmuş böyük monitorda ulu öndərin Sumqayıta səfərlərinin videokadrları bir-birini əvəz edirdi.
Şəhər icra hakimiyyəti başçısının müavini Akif Quliyev bayram tədbirinin iştirakçılarına müraciətlə sumqayıtlıları Respublika günü münasibətilə təbrik etdi. O, öz çıxışında 23 ay mövcud olmuş Azərbaycan Demokratik Respublikasının, Şərqdə ilk demokratik dövlətin, şərəfli həyat yolu barədə xronoloji ardıcıllıqla məlumat verdi. A.Quliyev XX əsrin axırları - XXI əsrin əvvəllərində müstəqil Azərbaycanın qazandığı böyük uğurları sadalayaraq qeyd etdi ki, bütün bu uğurlar, o cümlədən sənaye şəhəri Sumqayıtın təşəkkülü bilavasitə xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır.
Həmçinin qeyd edildi ki, ulu öndər tərəfindən ölkəmizin inkişafı üçün işlənib hazırlanmış siyasi kurs bu gün onun sədaqətli davamçısı, dövlətimizin başçısı İlham Əliyev tərəfindən dönmədən və qətiyyətlə həyata keçirilir. Xüsusi olaraq vurğulandı ki, ölkə Prezidenti tərəfindən təsdiq edilmiş regionların sosial-iqtisadi inkişafı Dövlət proqramı Sumqayıtın iqtisadi və sosial sferalarına müsbət təsir göstərmiş, bu sahədə böyük pozitiv dəyişikliklər baş vermişdir.
Sarayın foyesində təşkil edilmiş fotosərgidə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Sumqayıt ilə əlaqələrindən bəhs edən materiallar, eləcə də son dövrlərdə Sumqayıtda baş vermiş əlamətdar dəyişikliklər haqqında şəhər Tarix muzeyinin sənədləri nümayiş etdirilirdi.