SUMQAYITDA ÜÇƏMİN DÜNYAYA GƏLDİYİ AİLƏYƏ ÜÇOTAQLI MƏNZİL VERİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Sumqayıtda kirayəşin kimi yaşayan Şəmsəddin Umudovun ailəsinə dövlətimizin başçısı İlham Əliyevin tapşırığı ilə şəhərin mərkəzində üçotaqlı mənzil verilmişdir.
Bu yaxınlarda üç övladın dünyaya gəldiyi ailə daha bir fərəhli hadisəni - yeni mənzilə köçməsini qeyd edəcəkdir. İndi Umudovların ilki 9 yaşlı Müseyib, eləcə də Heydər, Zərifə və Mehriban adlı üç körpə işıqlı, rahat mənzildə böyüyəcəklər. Ailənin xanımı Leyla böyük qayğıya görə Azərbaycan Prezidentinə dərin minnətdarlığını bildirmişdir. Əlamətdar haldır ki, körpələrin dünyaya gəlməsi ölkəmizi dünyada məşhurlaşdıran görkəmli şəxsiyyətlərin - Heydər və Zərifə Əliyevlərin doğum günü ilə bir vaxta düşmüşdür. Bəxtəvər valideynlər yerli “Dünya TV” telekanalına müsahibələrində demişlər ki, bu cür şəraitdə övladları sağlam, möhkəm və cəmiyyət üçün faydalı vətəndaş kimi böyüyəcək, adları ilə daim fəxr edəcəklər.