İDMAN
Sumqayıtda ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə mini-futbol turniri başlanmışdır
Sumqayıt, 1 may (AZƏRTAC). Mayın 1-də Sumqayıt Paralimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş müəssisələrarası mini-futbol üzrə şəhər birinciliyinin açılış mərasimi keçirilmişdir.
Turnir “Azərikimya” İstehsalat Birliyinin, şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı və Sumqayıt Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə keçirilir. On gün davam edəcək yarışlarda birincilik uğrunda şəhərin 30-dək müəssisəsinin komandaları mübarizə aparacaqlar. Mayın 10-da - ulu öndərin ad günündə turnirə yekun vurulacaq, qaliblərin təltifetmə mərasimi keçiriləcəkdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, “Azərikimya” İB-nin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev, AFFA-nın baş katibi Elxan Məmmədov iştirak etmişlər. Qonaqlar arasında Azərbaycan futbolunun əfsanəvi oyunçuları, əslən sumqayıtlı Nazim Süleymanov və Arif Əsədov, “Sumqayıt” futbol klubunun prezidenti Kamran Quliyev də vardır.
Açılış mərasimi komandaların nümayişi ilə başlamışdır. Azarkeşlər meydançaya nizami addımlarla daxil olan komandaları alqışlarla salamlamışlar.
Azərbaycan Respublikasının dövlət himni səslənmişdir.
İdmançıları bədii özfəaliyyət kollektivləri təbrik etmişlər.
“Azərikimya” İB-nin 2 komanda ilə təmsil olunduğu yarışlar, hərəsində 7 komanda olmaqla, 4 yarımqrup üzrə keçiriləcəkdir. Komandalar qələbə üçün mübarizəni şəhərin 4 mini-futbol meydançasında aparacaqlar. Futbol oyunlarını AFFA tərəfindən ayrılmış xüsusi hakimlər briqadası idarə edəcəkdir.
Olimpiya sistemi üzrə keçiriləcək yarışların nəticələrinə əsasən, qalib komandaya turnirin xüsusi kuboku təqdim olunacaqdır. İlk dörd yeri tutmuş komandalar isə xüsusi diplomlar, qiymətli hədiyyələr və “Azərikimya” İB-nin, həmçinin şəhər Gənclər və İdman Baş İdarəsinin fəxri fərmanları ilə təltif olunacaqlar.
Təşkilatçılar əmindirlər ki, 2012-ci il - “İdman ili” çərçivəsində keçirilən ümumşəhər yarışları mini-futbol növünün kütləviləşməsinə xidmət edəcəkdir.