CƏMİYYƏT
Sumqayıtda “Xəmsə” Milli İntellektual oyununun qalibləri müəyyənləşib
Bakı, 26 oktyabr, AZƏRTAC
Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsi, Abşeron-Xızı Regional Təhsil İdarəsi və Sumqayıt Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə 2021-ci il oktyabrın 12-dən start götürən “Xəmsə” Milli İntellektual oyunu üzrə şəhər çempionatına yekun vurulub.
AZƏRTAC xəbər verir ki, yarışın keçirilməsində məqsəd gənclərin vətənpərvərlik və vətəndaşlıq ruhunda tərbiyəsi, ulu öndər Heydər Əliyev irsinin və 44 günlük Vətən müharibəsində əldə olunmuş şanlı Qələbənin təbliği, intellektual oyunlara marağın artırılması və sağlam elmi rəqabət mühitinin yaradılmasıdır.
Üç həftə davam edən və şəhərin 32 orta ümumtəhsil müəssisələrini təmsil edən komandaların iştirak etdiyi yarışda ümumilikdə 200-ə yaxın şagird bilik mübarizəsinə qoşulublar.
Gərgin mübarizə şəraitində keçən bilik yarışında 30 saylı tam orta məktəbin “Dəmir yumruq”, 28 saylı tam orta məktəbin “Kepler” və 11 nömrəli tam orta məktəbin “Delta” komandaları müvafiq olaraq birinci, ikinci və üçüncü yerlərə layiq görülüblər.
Qalib komandalar Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin kubok, medal, hədiyyə və fəxri fərmanları ilə təltif olunublar.