SUMQAYITDAKI UKRAYNA İCMASI BAYRAM GECƏSİ KEÇİRMİŞDİR
Milli geyimli oğlan və qızlar mərasimə gələnləri duz-çörəklə qarşıladılar.
Ukraynanın Azərbaycandakı səfirliyinin nümayəndələri - konsul Vasili Vlasyuk, səfirliyin birinci katibi Boqdan Dudyak, ticarət-iqtisadi nümayəndəliyin rəhbəri Viktor Korj, habelə şəhər icra hakimiyyətinin və Ukrayna icmasının nümayəndələri mərasimdə çıxış edərək, Azərbaycan və Ukrayna xalqları arasında dostluğun köklərindən danışdılar. Qeyd olundu ki, Azərbaycanda 29 min ukraynalı yaşayır, Sumqayıtda isə onların sayı 200 nəfərdən çoxdur. Onların öz milli ənənələrini qoruyub saxlaması, mədəniyyətini inkişaf etdirməsi üçün hər cür şərait yaradılmışdır. Qonaqların qeyd etdikləri kimi, sevindirici haldır ki, bu il Azərbaycan Slavyan Universitetində bir qrup tələbə Ukrayna dilini öyrənəcəkdir. Onların fikrincə, bu, Ukraynadakı Azərbaycan diasporunun Ukrayna dilini bilən mütəxəssislərə ehtiyacından irəli gəlmişdir, çünki bu ölkədə yarım milyon azərbaycanlı yaşayır.
Bayram gecəsində icmanın fəallarına Ukraynanın Azərbaycandakı səfirliyinin minnətdarlıq məktubları təqdim edildi. Sumqayıtlı Şıxəli Ağayevə isə Ukrayna Prezidenti Leonid Kuçmanın adından “Vətənin müdafiəçisinə” medalı təqdim olundu. O, Böyük Vətən müharibəsi veteranıdır, Ukraynanın azad edilməsi uğrunda döyüşlərdə vuruşmuşdur.
Qonaqlar Ukrayna Mədəniyyəti Mərkəzinə Ukrayna rəssamının əsərini hədiyyə etdilər.
Səmimilik şəraitində keçən bayram gecəsi bədii özfəaliyyət kollektivinin konserti ilə başa çatdı. Ukrayna dilində Vətəni, dostluğu tərənnüm edən şerlər və mahnılar səsləndi.