Sumqayıtın komandası məktəblilər arasında keçirilən “Əsgər olmağa hazıram!” devizi altında turnirin qalib olub
Bakı, 25 yanvar, AZƏRTAC
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının yeddinci ildönümü münasibətilə “Əsgər olmağa hazıram!” devizi altında turnir keçirilib.
Xidmətdən AZƏRTAC-a bildiriblər ki, “Hərbi Vətənpərvərlik Və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC-nin Sabunçu rayon filialında təşkil olunan turnirdə “Şahin” hərbi idman oyunlarının zona mərhələsinin qalibi olan komandalar iştirak ediblər.
Tədbir Azərbaycan Respublikası dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Turnirin açılışında çıxış edən Xidmətin Aparatının şöbə rəisi, polkovnik-leytenant Ramin Babayev bildirib ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə daim güclənən ordumuza çağırışçıların mənəvi və fiziki cəhətdən hazırlanması məqsədilə keçirilən hərbi-idman tədbirlərində gənclər böyük həvəslə iştirak edirlər. Gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, onların idmanın hərbi tətbiqi növlərinə həvəsləndirilməsi və müddətli həqiqi hərbi xidmətə hazırlanması məqsədilə Xidmət tərəfindən müxtəlif tədbirlər həyata keçirilir. Ötən il ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə orta ümumtəhsil məktəblərinin şagirdləri arasında “Müstəqil Azərbaycanın memarı”, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə “Cümhuriyyət 100 il” adlı rəsm müsabiqələri, rayonlarda “Vətənin müdafiəsinə hazıram!” silsilə tədbirləri, Bakıda orta ümumtəhsil məktəblərinin şagirdləri arasında isə Silahlı Qüvvələrin 100 illiyi münasibətilə atıcılıq turniri keçirilib.
Tədbirdə ölkəmizin sürətli tərəqqisinin gənclərin hərtərəfli inkişafına əlverişli şərait yaratdığı diqqətə çatdırılıb.
İştirakçılar təhlükəsizlik qaydaları barədə təlimatlandırıldıqdan sonra yarışa start verilib. Turnirin iştirakçıları atəş hazırlığı, silahın sökülüb-yığılması və fiziki hazırlıq üzrə normativləri yerinə yetiriblər.
Yekunda Sumqayıt şəhərinin, Qax və İsmayıllı rayonlarının komandaları müvafiq olaraq ilk üç pillədə yer alıblar.
Qaliblər təltif ediliblər.