SUMQAYITLI ALİMİN YUBİLEYİ
Sumqayıt Dövlət Universitetində fəlsəfə kafedrasının müdiri, fəlsəfə elmləri namizədi, professor Həsən Sadıxovun 80 illiyinə həsr olunmuş yığıncaq keçirilmişdir. Təmizlik, yüksək mədəniyyət nümunəsi olan alimin həyatının başlıca amalı öyrənmək və öyrətmək olmuşdur. Sumqayıtın tanınmış ağsaqqalını təbrik etməyə ictimaiyyətin nümayəndələri də gəlmişdilər.
Yubileyi münasibətilə dövlətimizin başçısı İlham Əliyevin sərəncamı ilə respublikanın əməkdar müəllimi fəxri adına layiq görülmüş qocaman müəllimin ünvanına çoxlu səmimi sözlər deyildi.
Universitetin rektoru, professor Nadir Qəhrəmanov, şəhər bələdiyyəsinin sədri, professor Əbülfəz Babayev, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Ramiz Həsənov, görkəmli kimyaçı alim, BDU-nun professoru Həmid İmanov, alimin yetirmələri - bir sıra kimya müəssisələrinin rəhbərləri, həmkarları, dostları yubilyarı tələbkar pedaqoq, gözəl alim, nəcib insan kimi səciyyələndirdilər. Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Maliq İsaqov həmyerliləri adından alimə yeni nailiyyətlər arzuladı.
Çıxışlarda alimin yorulmaz elmi və ictimai fəaliyyətindən də danışılmışdır. Onun beş dildə nəşr olunmuş “Ermənilər Sumqayıtda” kitabı alimin vətəndaşlıq mövqeyinin parlaq nümunəsidir. Taleyi Sumqayıtla qırılmaz surətdə bağlı olan alim hazırda “Sumqayıtın tarixi” kitabı üzərində işləyir. Yığıncaqda çıxış edənlər Həsən müəllimin nəsillərə nümunə olan yüksək insani keyfiyyətlərini xüsusi vurğuladılar.