ELM VƏ TƏHSİL
“Süni intellekt və data elmi” layihəsinin iştirakçıları karyera planlaması barədə məlumatlandırılıb
Bakı, 17 sentyabr, AZƏRTAC
“Süni intellekt və data elmi” layihəsi çərçivəsində Dövlət Məşğulluq Agentliyinin (DMA) əməkdaşları tərəfindən seminarlar keçirilib.
Təhsil İnstitutundan AZƏRTAC-a bildirilib ki, DMA-nın Mərkəzi karyera filialının şöbə müdiri Əli Qurbanlı tərəfindən keçirilən “Karyera planlamasında haradan başlamalıyıq?” mövzusunda seminarda iştirakçılar diqqət yetirməli olan vacib məqamlar haqqında məlumat alıblar.
Filialın Layihələr və monitorinq şöbəsinin əməkdaşı Ülviyyə Rüstəmli tərəfindən keçirilən seminar isə “Müsahibələrdən necə üzüağ çıxaq?/Effektiv müsahibə texnikaları” mövzusunu əhatə edib. Seminarda iştirakçılar işə qəbul zamanı effektiv müsahibə texnikaları barəsində məlumatlandırılıb və onların sualları cavablandırılıb.
Qeyd edək ki, “Süni intellekt və data elmi” intensiv təlim proqramı layihəsi Elm və Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə Təhsil İnstitutu tərəfindən həyata keçirilir. Layihə ölkəmizdə data analitikası sahəsində kadr potensialını artırmağı və əmək bazarının tələblərinə uyğun mütəxəssislər yetişdirməyi hədəfləyir.