ELM VƏ TƏHSİL
“Süni intellektin linqvistik problemləri” monoqrafiyası çapdan çıxıb
Bakı, 14 sentyabr, AZƏRTAC
AMEA Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri filologiya elmləri doktoru, professor Məsud Mahmudovun “Süni intellektin linqvistik problemləri” monoqrafiyası çapdan çıxıb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, monoqrafiyada süni intellektin yaranması, mahiyyəti, başqa elm sahələri, eləcə də dilçiliklə əlaqəli həmhüdud sahələri araşdırılır. Müəllif hesab edir ki, kompüter dilçiliyi, korpus dilçiliyi, statistik leksikoqrafiya, mətn dilçiliyi, koqnitiv dilçilik, neyrolinqvistika, maşın tərcüməsi, təbii mətnin emalı sistemləri və dilçiliyin informasiya-kommunikasiya texnologiyaları ilə bağlı digər sahələri süni intellekt problemləri çərçivəsində (kontekstində) öyrənilməlidir. Dilçiliyin ayrı-ayrı problemlərinə yeni baxış bucağından yanaşma daha effektli, etibarlı elmi nəticələr əldə etmək imkanı yaratmış olur.
Monoqrafiyanın elmi redaktoru Dilçilik İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor Nadir Məmmədlidir. Əsərə professorlar Rüfət Rüstəmov, İlham Tahirov və dosent Kamilə Vəliyeva rəy veriblər.
İnstitutun maliyyə dəstəyi ilə çap olunmuş monoqrafiya dilçiliyin yeni istiqamətləri və süni intellekt problemləri ilə maraqlananlar üçün nəzərdə tutulub. “Süni intellektin linqvistik problemləri” monoqrafiyasını Azərbaycan dilçiliyinin yeni uğuru kimi səciyyələndirmək olar.