SURAXANI RAYONUNDAKI 104 NÖMRƏLİ MƏKTƏBİN 17 SİNİFDƏN İBARƏT YENİ TƏDRİS KORPUSU İSTİFADƏYƏ VERİLMİŞDİR
RƏMZİ QIRMIZI LENTİ ABŞ SƏFİRİ KƏSMİŞDİR
Bu münasibətlə məktəbdə təntənəli mərasim keçirilmişdir.
Əllərində Azərbaycanın və ABŞ-ın dövlət bayraqlarını tutmuş məktəblilər ABŞ-ın ölkəmizdəki səfiri Rino Harnişi, “Dünya ümidi”nin ölkə üzrə nümayəndəsi Maykl Biçi və onların xanımlarını, təhsil nazirinin müavini Elmar Qasımovu, Suraxanı Rayon İcra hakimiyyətinin başçısı Natıq Mehdiyevi mehribanlıqla, şərbətlə qarşılayaraq ingiliscə salamladılar. Məktəbin direktoru Kərəm Mehdiyev təhsil ocağı barədə məlumat verdi. O bildirdi ki, məktəbin əsas binası 1969-cu ildə tikilmişdir. Burada 3 minə yaxın şagird təhsil alır. Bu il 201 məzunun 123-ü müxtəlif ali məktəblərin tələbəsi adını qazanmışdır. Dərslər dörd növbədə keçirilir. 130 min ABŞ dolları hesabına tikilmiş yeni tədris korpusu sıxlığı aradan qaldırmağa xeyli kömək edəcəkdir.
Direktor səfirliyə və “Dünya ümidi” təşkilatına minnətdarlığını bildirdikdən sonra səfir Rino Harniş rəmzi qırmızı lenti kəsdi. Qonaqlar sinif otaqları ilə tanış oldular.
Sonra mərasim qəsəbəsindəki mədəniyyət evində davam etdirildi.
Səfir Rino Harniş çıxış edərək dedi ki, yeni tədris korpusu ABŞ hökumətinin Azərbaycan xalqına hədiyyəsidir. Bu obyekt, eyni zamanda, əlaqələrimizin inkişafından, mehriban münasibətlərimizdən xəbər verir, əməkdaşlığımıza bariz sübutdur. Yeni korpusda , bildiyimə görə, 750 şagird təhsil alacaqdır. Mən bu layihənin həyata keçirilməsindən çox məmnunam, bu nəcib iş üçün fəxr edirəm. Məqsədimiz gənc nəslin nümunəvi təhsil almasına, gələcəkdə öz həyatlarını normal qura bilməsinə yardım göstərməkdir.
Mərasimdə, həmçinin Maykl Biç, Elmar Qasımov, Natiq Mehdiyev, məktəbin ingilis dili müəllimi Sevda Sərkarova çıxış etdilər.
Tədbir məktəbin gənc istedadlarının ifasında Azərbaycan xalq musiqisindən ibarət maraqlı konsert proqramı ilə başa çatdı.