Suraxanıda “Bilik günü” münasibətilə tədbir keçirilmişdir

Bakı, 13 sentyabr (AZƏRTAC). Suraxanı rayonu Heydər Əliyev Mərkəzində rayon icra hakimiyyətinin (RİH) təşkilatçılığı ilə “Bilik günü” və yeni dərs ilinin başlanması münasibətilə aztəminatlı, şəhid, məcburi köçkün ailələrindən, qəyyumluqda olan uşaqlara məktəbli ləvazimatlarının verilməsi ilə bağlı tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan RİH-in başçısı İlqar Abbasov məktəbliləri və onların valideynlərini təbrik etmiş və şagirdlərə yeni dərs ilində uğurlar arzulamışdır. Natiq bildirmişdir ki, əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş təhsil strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
RİH-dən AZƏRTAC-a verilən məlumata görə, İ.Abbasov çıxışında dövlətin təhsil sahəsinə göstərdiyi qayğıdan ətraflı danışmış, gənc nəslin təhsil alması, cəmiyyətdə savadlı, dünyagörüşlü vətəndaşlar kimi formalaşmasına dövlətimizin xüsusi diqqətlə yanaşdığı məsələ olduğunu qeyd etmişdir. Prezident İlham Əliyev 2011-ci ilin aprelində Bakı şəhəri qəsəbələrinin sosial-iqtisadi inkişafı istiqamətində görülən işlərlə tanışlıq məqsədi ilə Bülbülədə olarkən keçirdiyi görüş zamanı qəsəbə sakinləri burada yeni məktəbə ehtiyac olduğunu bildirmişdilər. Dövlətimizin başçısı elə həmin gün Bülbülə qəsəbəsində 640 yerlik ümumtəhsil məktəbi binasının tikintisinə başlamaq haqqında sərəncam imzalamışdı. Sərəncama uyğun olaraq dövlət büdcəsində Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan ayrılmış vəsait hesabına yeni məktəb binasının inşasına başlanılmış və dövlətimizin başçısının tapşırığına uyğun olaraq 327 nömrəli tam orta məktəbinin yeni binası qısa vaxtda yüksək standartlara uyğun tikilmiş və keçən tədris ilində - 2012-ci il sentyabrın 15-də şagirdlərin istifadəsinə verilmişdir.
“2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində rayonda həyata keçirilən tədbirlər nəticəsində 12 məktəb binası əsaslı təmir olunmuşdur. Bu Dövlət Proqramı çərçivəsində həyata keçiriləcək tədbirlər planına əsasən hazırda 5 təhsil müəssisəsində əsaslı təmir işləri yekunlaşmaq üzrədir.
Natiq xüsusi vurğulamışdır ki, təhsil müəssisələrində çalışan işçilərin əmək haqlarının və tələbələrin təqaüdlərinin artırılması haqqında Azərbaycan Prezidentinin sərəncamları, Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət Proqramı və Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Yeniləşən Azərbaycana yeni məktəb proqramı” və digər irimiqyaslı layihələr qarşıya qoyulan vəzifələrin icrasına, tədris müəssisələrinin maddi-texniki bazasının möhkəmlənməsinə yönəldilmişdir.
Tədbirdə valideynlər göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirmişlər.
Görüşün sonunda bir qrup aztəminatlı, şəhid, məcburi köçkün ailələrindən, qəyyumluqda olan uşaqlara məktəb ləvazimatları və çantalar verilmişdir.