Suraxanıda şəhidin doğum günü anılıb




Bakı, 2 noyabr, AZƏRTAC
Vətən müharibəsində qəhrəmancasına şəhid olan Qasımzadə Tahir Sərdar oğlunun 21-ci doğum günü məzun olduğu 317 nömrəli tam orta məktəbdə qeyd edilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı rayon təşkilatının sədri, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı, RİH başçısının müavinləri və şöbə müdirləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra şəhid Tahir Qasımzadənin xatirəsinə həsr olunmuş videoçarx nümayiş olunub.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı çıxışında müqəddəs amal uğrunda şəhid olmaqla əbədiyyətə qovuşan nur üzlü şəhidimizə Allahdan rəhmət diləyib, təsəllimizin şəhidlərimizin qisasının alınması, Vətən müharibəsində qazanılan parlaq Qələbə sayəsində Azərbaycanın əzəli torpaqlarının düşmən tapdağından azad edilməsi olduğunu vurğulayıb. Qeyd edib ki, gənc nəsil şəhidlərimizin qanı-canı bahasına qazanılan Qələbəmizin, müstəqilliyimizin qədrini bilməli, daim qoruyub saxlamalı və gələcək nəsillərə ötürməlidirlər.
Şəhidin nənəsi nitqində şəhid ailələrinə göstərilən diqqətə, qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə edib.
Sonra məktəbin şagirdləri tərəfindən şəhid Tahir Qasımzadənin xatirəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya təqdim olunub.
Tədbir iştirakçıları şəhidin ailəsini də ziyarət edib, onların qayğı və problemləri ilə maraqlanıblar.
Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən şəhid Tahir Qasımzadə ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Kəlbəcər uğrunda” və “Şücaətə görə” medallarına layiq görülüb.