Süri-Feşt festivalını nəzərdən qaçıranlar üç il gözləməli olacaqlar
Sürix, 6 iyul, AZƏRTAC
İyulun 5-də Sürix şəhərində ənənəvi Süri-Feşt festivalı başlayıb. Hər üç ildən bir iyul ayının ilk həftəsonu təşkil olunan bu festival iyulun 7-dək davam edəcək. Festivala təxminən 2 milyon ziyarətçinin gələcəyi gözlənilir.
AZƏRTAC xəbər verir ki, üç gün boyunca nəhəng yarmarka ilə yanaşı, Limmat çayının sahilləri boyunca dünyanın dörd bir yanından gələn nemətlərlə dolu stendlər qurulacaq. Cümə və şənbə günləri axşam saatlarında Sürix səmasını musiqili atəşfəşanlıq bəzəyəcək. Həmçinin festivalda 150 drondan istifadə edilməklə işıq şou proqramı da nəzərdə tutulur. Açıq havada təşkil olunan konsertlər gecə saatlarınadək ziyarətçilərin zövqünü oxşayacaq.
Bundan əlavə, festival ziyarətçiləri tarixi “Çörçil - Qırmızı ox” qatarında ödənişsiz olaraq gəzə biləcəklər. Qatar bir saatdan bir Sürix mərkəzi vağzalından Vollishofen stansiyasına və əksinə səfər edəcək.
Qeyd edək ki, Süri-Feştin tarixi 1951-ci ildən başlayır. 1976-cı ildə şənlik indiki halında təşkil edilib və 1991-ci ildən bu yana Sürix şəhərinin təqvimində öz yerini alıb. Sürixdə ona “Festivalların festivalı” da deyirlər.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Sürix