Şuşa Forumunda Prezident İlham Əliyev ölkəmizə qarşı istiqamətlənən bütün yalanları və saxta mahiyyətli xəbərləri ifşa etdi - ŞƏRH

Bakı, 24 iyul, AZƏRTAC
Artıq üçüncü dəfədir ki, Milli Mətbuat Günündə Şuşada media nümayəndələrinin iştirakı ilə forum keçirilir. 2023-cü ildə və bu il keçirilən Forumda 50-yə yaxın ölkədən media mənsubları iştirak etdikləri üçün tədbir qlobal mahiyyət daşıyırdı. Bu tədbirlər həm də ona görə əhəmiyyətlidir ki, orada toplaşan media nümayəndələri hər şeyi öz gözləri ilə görür və dərk edir, Azərbaycan həqiqətlərini öz ölkələrinə, ictimaiyyətlərinə çatdırırlar. Bədii şəkildə ifadə etsək, media cəmiyyətin şüuru, gözü və sözüdür. Biz bu cür beynəlxalq tədbirlərlə qlobal ictimaiyyətin Azərbaycan həqiqətlərini daha dərindən dərk etməsinə imkan yaradırıq. Şüurlu dərketmə bütün qərəzlərdən, saxta mahiyyətli xəbərlərdən, dezinformasiyadan yayınmaqla mümkündür. Vətən müharibəsindəki şanlı Qələbəmizdən sonra Azərbaycana qarşı qlobal erməni şəbəkəsi və onun havadarları tərəfindən artan təzyiqlərə, dezinformasiya fəaliyyətlərinə, xüsusilə COP29 öncəsi aparılan qarayaxma kampaniyalarına cavab olaraq bu tədbirin dəyəri əvəzolunmazdır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin (STM) baş məsləhətçisi Şəhla Cəlilzadə söyləyib.
O bildirib ki, Şuşa Forumunda Prezident İlham Əliyev ölkəmizə qarşı istiqamətlənən təzyiqlərə təkbaşına sinə gərərək, bütün yalanları və saxta mahiyyətli xəbərləri ifşa etdi, Azərbaycanın xarici siyasət trayektoriyasını, qlobal hadisələrə milli baxışlarımızı göstərdi. Həmçinin xarici dövlətlərə Azərbaycanla faydalı əməkdaşlıq platformasının genişləndirilməsi üçün şərait yaratdı. Burada dövlətimizin başçısının çıxışının əsas istiqamətləri kimi bunları qeyd edə bilərik - dəyişən qlobal trendlər, təhlükəsizlik çağırışları fonunda ölkəmizin milli maraqlarının qorunması, ərazi bütövlüyü və suverenlik kimi tarixi milli amala nail olunduqdan sonra qarşıdakı dövr üçün yeni milli hədəflərin açıqlanması, qlobal erməni şəbəkəsinin tarixi yalanlarının ifşa edilməsi, Ermənistanla sülh prosesi, sülh şərtlərinin (Ermənistanda konstitusiya dəyişikliyi və ATƏT-in Minsk qrupunun ləğvi üçün birgə müraciət) niyə vacib olduğunun aydınlaşdırılması, 30 ildir işğala və deportasiyaya məruz qalan tərəf olmağımıza baxmayaraq, məhz yanlış təbliğat nəticəsində ABŞ tərəfindən sanksiyaya (907-ci düzəlişə) məruz qalan tərəf olduğumuzun diqqətə çatdırılması, bu cür dezinformasiyaların ABŞ-da hazırda prezidentliyə namizəd Donald Trampa qarşı da həyata keçirilməsi və “Vaşinqton Post”, “Nyu York Tayms” kimi media subyektlərinin necə feyknyus mənbəyi olmasının xatırladılması.
“Azərbaycan Prezidenti Şuşa Forumunda ABŞ-da Respublikaçılarla dil tapmağın daha rahat olmasını, Vyetnam, Əfqanıstan, İraq, Suriya və digər yerlərdə müharibələrin məhz Demokratların dövründə başladığını, bizim isə hazırda sülh və təhlükəsizliyə töhfə verən dünya liderlərinə ehtiyacımız olduğunu sətiraltı şəkildə çatdırdı. Ölkəmizin Əfqanıstanda NATO və ABŞ-ın ən etibarlı tərəfdaşı kimi oradan Türkiyə ilə bərabər ən son çıxan dövlət olmağımıza baxmayaraq, 907-ci düzəlişin bərpasının qəbuledilməz və riyakarlıq olması, Azərbaycanın qlobal riyakar, xüsusilə Fransanın müstəmləkəçilik siyasəti ilə inadla mübarizə aparacağını, bu yolda fəaliyyətini davam etdirəcəyini bir daha vurğuladı”, - deyən ekspert diqqətə çatdırıb ki, Forum üzləşdiyimiz qlobal dezinformasiya hücumları fonunda Azərbaycanın milli maraqlarını qoruyan müdafiə istehkamı kimi mövqeyimizi ifadə etməklə yanaşı, ölkəmizin şanlı Qələbəsinin əzəmətli rəmzi, təbii müdafiə istehkamı olan, sadəcə, bizim deyil, 2023-də Türk dünyasının, 2024-də İslam dünyasının mədəniyyət paytaxtı seçilən Şuşanın qlobal tədbirlərin məkanı kimi tanınmasına, Zəfərimizin nəticələrinin qlobal miqyasda legitimləşməsinə xidmət edir.