SİYASƏT
Şuşa Forumunun məqsədi Azərbaycan mediasında həyata keçirilən prosesləri dünyada gedən proseslərə inteqrasiya etməkdir VİDEO
Şuşa, 23 iyul, H.Əhmədov, G.Nəzərova, AZƏRTAC
Şuşa Forumunda rəqəmsal media mühitində transformasiya, media mühitinin müzakirələri və süni intellektin jurnalistikaya, media sahəsinə təsiri çox ciddi müzakirə olundu. Çap mediası, ənənəvi media və yeni media arasındakı fərqlər və yeni media dövründə bizim ənənəvi mediamızın dünyadakı ənənəvi medianın rolu və bundan sonrakı fəaliyyət istiqamətləri üzrə dərin müzakirələr aparıldı. Eyni zamanda, Forum çərçivəsində media savadlılığının dezinformasiyaya qarşı mübarizə üsulu kimi əsas istiqamət olduğu vurğulandı və bununla bağlı media ekspertləri ilə təcrübə mübadiləsi həyata keçirildi.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov Azərbaycan Milli Mətbuatının 148-ci ildönümü münasibətilə keçirilən “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” Qlobal Forumunun yekunları ilə bağlı jurnalistlərə müsahibəsində söyləyib.
Onun sözlərinə görə, belə forumların keçirilməsinin əsas məqsədi məhz Azərbaycan mediasında, ictimaiyyətində də media savadlılığı sahəsində həyata keçirilən prosesləri dünyada gedən proseslərə inteqrasiya etmək və vahid şəkildə tətbiq etməkdir.