SİYASƏT
“Svenska Dagbladed” qəzeti: “Azərbaycanda qaçqınlar: 19 il sonra”
Bakı, 26 may (AZƏRTAC). İsveçin “Svenska Dagbladed” qəzetində “Azərbaycanda qaçqınlar: 19 il sonra” sərlövhəli məqalə dərc edilmişdir.
AZƏRTAC xəbər verir ki, məqalədə 1993-cü ildə müharibə bürümüş Dağlıq Qarabağdan qaçqın düşmüş və Bakıdakı qaçqın düşərgəsinə pənah gətirmiş Adil Bağırovun ailəsindən söhbət açılır.
Nəşr yazır: “Ermənilər Adilin ailəsini doğma Qarabağdan qovanda onun qucağında 10 günlük Rəna adlı qızı vardı, arvadı Vəfa isə 3 yaşlı oğulları Talehin əlindən tutmuşdu. Qarabağı müdafiə etməyə qalanlar həlak oldular, Bağırovlar ailəsi isə yüz minlərlə həmyerliləri kimi öz ölkələrində qaçqına çevrildilər”.
Məqalənin müəllifi vurğulamışdır ki, Ermənistan ilə Azərbaycan arasında Dağlıq Qarabağ ətrafında münaqişə artıq 20 ildir ki, həll olunmamış qalır. Azərbaycan ərazisinin 20 faizi erməni silahlı qüvvələrinin işğalı altındadır. Rəsmi statistikaya görə, münaqişə nəticəsində bir milyon insan qaçqına və məcburi köçkünə çevrilmişdir.
Müəllif yazır: “Mətbəxdən, bir qonaq və bir yataq otağından ibarət mənzil 22 yaşlı oğlu və 19 yaşlı qızı olan ailə üçün çox da yaxşı variant deyildir. Lakin bu, qaçqınlıq həyatının ilk illərində onların yaşamalı olduqları düşərgə şəraitindən daha yaxşıdır. Ailə varlı deyildir, lakin buna baxmayaraq, Adilin arvadı qonaqlara qızardılmış qoyun qabırğası, tər pomidor və xiyardan ibarət nahar təklif edir. Xörəyi boşqablara çəkən Vəfa Ağdamdakı ikimərtəbəli evini, bağ-bağçasını xatırlayır”.
Nəşr yazır: “Azərbaycan hökuməti hazırda dövlət büdcəsinin təxminən üçdə bir hissəsini ordunun modernləşdirilməsinə yönəldir. Ermənistan isə əsasən, Rusiyadan asılıdır”.