TACİKİSTANDAKI SƏFİRLİYİMİZDƏ HEYDƏR ƏLİYEVİN 85 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ MƏRASİM KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycanın Tacikistandakı səfirliyində Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş mərasim keçirilmişdir.
Tədbirdə Tacikistanın xarici işlər naziri Xamraxon Zərifi, ölkənin ilk Prezidenti olmuş Qəhhar Məhkəmov, səfirlər, Azərbaycan diasporunun üzvləri, jurnalistlər iştirak etmişlər.
Azərbaycanın Tacikistandakı səfiri Məhərrəm Əliyev müstəqil Azərbaycan dövlətinin və dövlətçiliyin təhlükə qarşısında qaldığı bir dövrdə Heydər Əliyevin xalqın tələbi ilə Azərbaycan rəhbərliyinə gəlməsindən və dövlətçiliyimizin möhkəmlənməsi işindəki müstəsna xidmətlərindən danışmış, onu dövlətin qurucusu adlandırmışdır. Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə ölkəmizin iqtisadi inkişafından danışan səfir qeyd etmişdir ki, ulu öndər Azərbaycanı dünyaya tanıtdı, neft müqavilələri imzalandı və indi xalqımız bunun bəhrəsini görməkdədir.
Xamraxon Zərifi Azərbaycanla Tacikistan arasında əlaqələrin qurulmasında Heydər Əliyevin böyük xidmətləri olduğunu bildirmişdir. O demişdir ki, məhz Heydər Əliyev kimi siyasi xadim keçmiş SSRİ-nin ali rəhbərliyində ən yüksək pilləyə qalxa bilərdi.
Rusiyanın Tacikistandakı səfiri Ramazan Abdulatipov Heydər Əliyevlə yaxın münasibətləri olduğunu, bu böyük siyasətçinin harada olmasından asılı olmayaraq tez-tez ziyarət etdiyini bildirmişdir. Onun sözlərinə görə, Heydər Əliyevlə söhbət edəndə zaman quş kimi uçur, vaxt tez gedirdi. Ondan ayrılmağa təssüflənirdin.
Sonra mərasim iştirakçıları səfirlikdə yaradılmış Heydər Əliyev guşəsi ilə tanış olmuş, geniş konsert proqramına baxmışlar.