TAE BEYNƏLXALQ FİBER-OPTİK KABEL MAGİSTRALININ AZƏRBAYCAN SEQMENTİ GENİŞLƏNİR
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, Trans-Asiya-Avropa (TAE) beynəlxalq fiber-optik kabel magistralının Azərbaycan seqmenti genişlənir. Hazırda Cöycay-Ucar-Zərdab fiber-optik kabel xəttinin çəkilişi davam edir. Qəbələ-Ağdaş, Salyan-Neftçala xəttlərinin də reallaşdırılması nəzərdə tutulmuşdur. Dünya ictimaiyyətinin diqqət mərkəzində olan TAE-nin Xəzər seqmentinin tikintisi də ən böyük layihələrdən biridir.
TAE fiber-optik magistral xəttinin Azərbaycan ərazisində tikintisi “Aztelekom” İstehsalat Birliyi ilə Türkiyənin “Hesfibel” şirkəti arasında bağlanmış müqaviləyə əsasən 1999-cu ildə başlamışdır. Tikinti ölkə ərazisində eyni zamanda üç istiqamətdə -Bakı-Qazax, Bakı-Astara və Bakı-Samur istiqamətlərində aparılmışdır. Bu magistralların tikintisi başa çatdırılmışdır. Bunun ardınca Yevlax-Bərdə, Xaldan-Mingəçevir, Xaldan-Şəki, Qax-Zaqatala-Balakən, Quba-Xaçmaz, Quba-Qusar fiber-optik magistralları tikilmişdir. Digər ölkədaxili fiber-optik kabel xətlərinin tikintisi “Aztelekom” İB tərəfindən həyata keçirilmişdir.
TAE fiber-optik kabel magistralının istismara verilməsindən sonra ilk dəfə olaraq Azərbaycan, Gürcüstan, Rusiya, İran, Türkiyə və Ukrayna istiqamətlərində birbaşa müasir yüksək keyfiyyətli rəqəmsal beynəlxalq rabitə təşkil edilmişdir.