CƏMİYYƏT
Tahir Budaqov: Azərbaycan-Çin münasibətləri nümunəvi xarakter daşıyır




Bakı, 22 sentyabr, AZƏRTAC
Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında partiyanın sentyabrın 11-19-da Çin Xalq Respublikasında (ÇXR) səfərdə olmuş gənclərdən ibarət nümayəndə heyəti ilə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov və Çinin Azərbaycandakı səfiri xanım Qo Min iştirak ediblər.
Tahir Budaqov Azərbaycan-Çin münasibətlərinin nümunəvi xarakter daşıdığını, qarşılıqlı faydalı və çoxşaxəli əməkdaşlığın dərinləşdirilməsinin diqqət mərkəzində olduğunu bildirib. O, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev ilə ÇXR-in Sədri, Çin Kommunist Partiyasının (ÇKP) Baş katibi Si Cinpinin iki ölkə arasında əlaqələrin inkişafına xüsusi önəm verdiklərini vurğulayıb. T.Budaqov liderlərin siyasi iradələri sayəsində Azərbaycan-Çin dostluq və tərəfdaşlıq münasibətlərinin genişləndirilməsi istiqamətində məqsədyönlü addımlar atıldığını söyləyib.
Daha sonra YAP Sədrinin müavini qarşılıqlı səfərlərin ikitərəfli münasibətlərin inkişafı kontekstində xüsusi yer tutduğunu və mühüm əhəmiyyətə malik olduğunu qeyd edib.
YAP ilə ÇKP arasında fəal dialoqun və intensiv təmasların olduğunu bildirən Tahir Budaqov partiyanın nümayəndə heyətinin dost ölkəyə səfərinin önəmli olduğunu və səmərəli keçdiyini vurğulayıb.
O, bu səfərin xüsusilə gənclər arasında məhsuldar işbirliyinin, qarşılıqlı fikir və təcrübə mübadiləsinin aparılmasına töhfə verdiyini və gələcəyə yönəlik mühüm addım olduğunu qeyd edib.
YAP nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov səfərin yaddaqalan olduğunu və məhsuldar görüşlər keçirildiyini bildirib. Z.Əsgərov bu səfərin həm partiyalar, həm də ölkələr arasında ikitərəfli münasibətlərin inkişafına, xüsusilə də gənclər arasında əlaqələrin qurulmasına təkan verdiyini qeyd edib.
Daha sonra nümayəndə heyətinin üzvləri - YAP Gənclər Birliyinin üzvü, Milli Məclisin deputatı Səbinə Xasayeva, YAP Gənclər Birliyinin üzvü Anastasia Lavrina, partiyanın Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov səfər haqqında təəssüratlarını bölüşüblər.
ÇXR-in Azərbaycandakı səfiri xanım Qo Min Çinin Azərbaycanla əməkdaşlığa böyük önəm verdiyini, iki ölkə liderlərinin səyləri nəticəsində qarşılıqlı münasibətlərin strateji xarakter daşıdığını və müxtəlif sahələrdə yüksələn xətt üzrə inkişaf etdiyini bildirib. Diplomat Çinin hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb.
Qo Min ÇKP ilə YAP arasında əlaqələrin inkişafından bəhs edib və bu il YAP Sədrinin müavini Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyətinin Çinə səfərinin əhəmiyyətini vurğulayıb. “Azərbaycanın inkişafı və uğurları bizi də sevindirir”, - deyən səfir Azərbaycan-Çin münasibətlərinin yaxşı perspektivlər vəd etdiyini söyləyib .