CƏMİYYƏT
Tahir Budaqov: Zəfərimiz böyük tarixi-siyasi əhəmiyyəti ilə bərabər, həm də iqtisadi önəmə malikdir
Bakı, 7 noyabr, AZƏRTAC
44 günlük Vətən müharibəsində və birgünlük aniterror tədbirlərində qazandığımız şanlı zəfərlər böyük tarixi, mənəvi-siyasi əhəmiyyəti ilə bərabər, həm də iqtisadi önəmə malikdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə keçirilən Zəfər Gününə həsr olunmuş tədbirdə YAP Sədrinin müavini, Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov söyləyib. “Əvvəla, Azərbaycan öz milli gücü ilə işğal faktına və separatizmə son qoymuşdur. Digər tərəfdən, "münaqişənin hərbi yolla həlli yoxdur" deyərək işğalçılıq siyasətinin nəticələrinin aradan qaldırılmasında maraqlı olmadığını nümayiş etdirən, bir çox hallarda isə təcavüzkar dövlətə dəstək göstərən qüvvələrin ikili standartlara əsaslanan qərəzli siyasətini iflasa uğratmışdır”, - deyən Tahir Budaqov Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpasından sonra yeni mərhələdə olduqca vacib siyasi, sosial-iqtisadi və mədəni-humanitar çağırışların meydana çıxdığını bildirib.
Sədr müavini qeyd edib ki, Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri olan işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın təmin edilməsi bu çağırışların əsasını təşkil edir. Bu məqsədlə müvafiq Dövlət Proqramı qəbul edilib ki, hazırda müvəffəqiyyətlə icra olunmaqdadır.
“Bu xüsusda Qarabağ və Şərqi Zəngəzurun potensialından istifadə olunması, nəinki həmin bölgələrin yüksəlişi, bütövlükdə Azərbaycan iqtisadiyyatının inkişafı üçün mühüm perspektivlər yaradır. Nəhayət, dövrümüzün aktual çağırışlarından biri kimi işğaldan azad olunmuş ərazilərdə "yaşıl enerji” konsepsiyası əsasında ekoloji təmiz texnologiyaların tətbiqi, "yaşıl iqtisadiyyata" keçid, o cümlədən iqlim dəyişmələrinin fəsadlarına qarşı fəal mübarizə çərçivəsində “yaşıl dünya" naminə təşəbbüslərin reallaşdırılması və beynəlxalq əməkdaşlığın dərinləşdirilməsi üçün son dərəcə əhəmiyyətlidir”, - deyə Tahir Budaqov əlavə edib.