İDMAN
Tahir Gözəl: “Qarabağ” azarkeşlərə sevinc bəxş etmək üçün sonadək və var gücü ilə mübarizə aparacaq
Bakı, 26 noyabr, AZƏRTAC
“İnanıram ki, bu turda da qələbə qazanıb növbəti mərhələyə keçmək üçün daha bir addım atacağıq”.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Qarabağ”ın prezidenti Tahir Gözəl UEFA Avropa Liqasının Liqa mərhələsində Fransanın “Lion” kollektivinə qarşı keçirəcəkləri V tur oyunu barədə klubun rəsmi saytına açıqlamasında deyib.
Funksioner bildirib ki, Azərbaycanı illərdir Avropada layiqincə təmsil edən “Qarabağ” Norveçdə olduğu kimi, bu dəfə də azarkeşlərə sevinc bəxş etmək üçün sonadək və var gücü ilə mübarizə aparacaq: “Komandamız təkcə Fransanın deyil, Avropanın adlı-sanlı klublarından hesab olunan “Lion”u qəbul edəcək. Bir çox tanınmış futbolçulara malik rəqibin ulduzları Bakıda qonağımız olacaq. Ötən tur “Budyo-Qlimt”ə qalib gələn “Qarabağ” meydana ardıcıl ikinci qələbəsini qazanmaq üçün çıxacaq. Təəssüf ki, təxirəsalınmaz işlərlə əlaqədar bu həyəcanı komandamla, azarkeşlərimizlə birlikdə yaşaya bilməyəcəyəm. İşgüzar səfərdə olacağım üçün qarşılaşmanı stadiondan izləməyəcəyəm. Amma ürəyim hər zaman olduğu kimi “Qarabağ”la birgə olacaq. Baş məşqçimiz Qurban Qurbanova, futbolçularımıza, bütün komandaya inanıram. Onların sonadək meydanda döyüşəcəklərinə əminəm. Komandama bu vacib qarşılaşmada uğurlar arzulayıram. Hədəfimiz növbəti mərhələyə yüksəlməkdir. İnanıram ki, Tofiq Bəhramov adına Respublika stadionu azarkeşlərimizlə tam dolacaq və onlar arenadan sevinclə ayrılacaqlar”.
Qeyd edək ki, noyabrın 28-də keçiriləcək “Qarabağ” – “Lion” görüşü saat 21:45-də başlayacaq.