SİYASƏT
Tahir Mirkişili: Ulu Öndərin 100 illiyində ölkəmizin Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etməsi əlamətdar hadisədir

Bakı, 1 oktyabr, AZƏRTAC
Azərbaycan dünyanın bir çox ölkələri ilə kosmos sahəsində əməkdaşlıq əlaqələri üçün danışıqlar aparır. Ölkəmiz sabit ölkələrdən biri kimi sülhün və əməkdaşlığın tərəfdarıdır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Beynəlxalq Astronavtika Federasiyasının oktyabrın 1-də Bakıda keçirilən Nazirlər və parlament üzvləri üçün 13-cü toplantısında səsləndirib.
Tahir Mirkişili deyib: “Azərbaycan sabah öz işinə başlayacaq 74-cü Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək. Ölkəmizdə bu tədbir ilk dəfə,1973-cü ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə keçirilib. Azərbaycanın bu tədbirə 50 ildən sonra, Ulu Öndərin 100 illik yubileyinin qeyd olunduğu ildə yenidən ev sahibliyi etməsi əlamətdar hadisədir.
Tanınmış azərbaycanlı alim Nəsrəddin Tusinin astronavtika sahəsində xidmətlərindən danışan komitə sədri tədbirin kosmos sahəsinə töhfə verəcəyindən əminliyini ifadə edib.