İQTİSADİYYAT
“Take Off Baku” sammiti Azərbaycan startaplarının qlobal inteqrasiyasına dəstək istiqamətində əlverişli mühit formalaşdırır
Bakı, 26 may, AZƏRTAC
“Take Off Baku” beynəlxalq startap sammiti - “TEKNOFEST” Aerokosmik və Texnologiya festivalı çərçivəsində regionun ən böyük startap tədbiridir. Sammit Azərbaycan startaplarının qlobal inteqrasiyasına dəstək istiqamətində beynəlxalq ekspertlər, mentorlar, investorlar və Vençur fondlarla birgə əməkdaşlıq üçün əlverişli mühit formalaşdırır. Eyni zamanda, sözügedən tədbir Azərbaycanı regionun yeni və cəlbedici innovativ məkanı olaraq beynəlxalq ictimaiyyətə daha yaxından tanıtdırır.
AZƏRTAC xəbər verir ki, onlayn qeydiyyatdan keçən startaplar “5 matrix” prinsipinə əsasən təsnifatlaşdırılaraq tədbirdə iştirak etmək hüququ qazanıblar. Sammitin şərtlərinə əsasən ən azı 35 yerli startap olmaqla tədbir iştirakçılarının sayı 50 komanda ilə məhdudlaşdırılır. Səkkiz ölkədən 50 komanda festivalın final mərhələsində təmsil olunurlar.
Qeyd edək ki, ilkin təsnifatlaşdırmadan uğurla keçən startaplar tədbirin rəsmi açılış mərasiminə kimi bir aylıq peşəkar mentorluq dəstəyi ilə təmin ediliblər. Sammit çərçivəsində yerli və beynəlxalq tərəfdaşlardan ibarət münsiflər heyəti 50 startap arasından yarım final və final mərhələsinin qaliblərini seçiblər.
Sammit çərçivəsində startaplara təqdimatla çıxış etmək, B2B formatda görüşlər keçirmək və panel müzakirələrdə iştirak etmək imkanları yaradılır.