CƏMİYYƏT
“Talassemiyasız həyat naminə” regional simpoziumlar çərçivəsində 1700-dən çox şəxsə ödənişsiz tibbi müayinələr aparılıb

Bakı, 8 may, AZƏRTAC
Respublika Talassemiya Mərkəzi (RTM) və Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi indiyədək Mingəçevir, Qax, Şirvan, Lənkəran, Quba, Bərdə və Gəncədə “Talassemiyasız həyat naminə” şüarı ilə regional simpozium və ödənişsiz tibbi müayinələr təşkil edib. Bu günə kimi keçirilən “Talassemiyasız həyat naminə” regional simpoziumlar çərçivəsində talassemiya daşıyıcılığının müəyyən olunması məqsədilə, ümumilikdə 1700 dən çox şəxsə müvafiq şəhər mərkəzi xəstəxanalarında ödənişsiz tibbi müayinələr həyata keçirilib.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Respublika Talassemiya mərkəzində 8 may – Beynəlxalq Talassemiya Gününə həsr edilmiş mətbuat konfransında RTM-in direktorunun elmi işlər üzrə müavini, tibb üzrə fəlsəfə doktoru, dosent Ramin Bayramlı bildirib.
Diqqətə çatdırılıb ki, müraciət edənlərdən götürülmüş qan nümunələri Talassemiya Mərkəzində hemoqlobin elektroforezi üsulu ilə müayinədən keçirilib: “Müayinələrin nəticəsi olaraq ümumi 23 nəfərdə talassemiya daşıyıcılığı, 5 nəfərdə isə talassemiya xəstəliyinin olduğu müəyyən edilib. Aparılan müayinələrin nəticələri rayon mərkəzi xəstəxanalarına göndərilərək həkimlər və qan nümunələri vermiş şəxslərə bildirilib”.