Tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki müəyyən olunub

Bakı, 7 fevral, AZƏRTAC
Tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki müəyyən olunub.
Dövlət İmtahan Mərkəzindən (DİM) AZƏRTAC-a bildirilib ki, tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı martın 2-də və 9-da keçiriləcək. İmtahanın qrafiki DİM-in saytında yerləşdirilib.
- Məcburi köçkün rayonlarının məktəblərində təhsil alan şagirdlər bitirdikləri təhsil müəssisəsinin yerləşdiyi şəhər və rayonların imtahan gününə uyğun tarixlərdə imtahan verirlər.
- Abşeron, Sumqayıt, Gəncə şəhərlərində yerləşən məktəblərin şagirdlərinin imtahanı hərəkət intensivliyinin azaldılması məqsədilə iki imtahan gününə bölünüb. Cədvəldə bu hal müvafiq olaraq, I və II hissə kimi adlandırılıb.
- İmtahana buraxılış vərəqələri hər imtahan günündən 5 gün əvvəl DİM-in saytında yerləşdiriləcək.
- Peşə liseylərinin məzunları liseyin yerləşdiyi şəhər və rayonların imtahan gününə uyğun tarixlərdə imtahan verirlər. (Sumqayıt və Abşeronda yerləşən peşə liseylərinin məzunları martın 2-də imtahan verəcəklər).