TANAP Türkiyəyə nəql ediləcək 6 milyard kubmetr qazın bu ölkənin istənilən yerinə çatdırılmasına imkan verəcəkdir
Bakı, 2 yanvar (AZƏRTAC). “Şahdəniz-2” layihəsi çərçivəsində Azərbaycandan Türkiyəyə ildə 16 milyard kubmetr qaz nəql olunacaqdır. Bunun 6 milyard kubmetri qardaş ölkənin istifadəsinə veriləcək, 10 milyard kubmetri isə Avropaya ixrac ediləcəkdir.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev bildirmişdir.
Azərbaycan ilə Türkiyə arasında Transanadolu təbii qaz boru kəməri (TANAP) ilə bağlı Anlaşma Memorandumunun imzalanmasına münasibətini açıqlayan R.Abdullayev demişdir ki, bu kəmərlə ilk növbədə, Türkiyə sistemlərini istifadə etməklə, oradan 10 milyard kubmetrə qədər qaz keçirmək mümkündür. Bundan artıq qaz keçirmək üçün Türkiyənin BOTAŞ şirkəti böyük vəsaitlər yatırmalı idi və həmin qurumun bunu edə bilib-bilməyəcəyi suallar doğururdu. Tranzit qaz üçün Türkiyə ərazisində Azərbaycanın yeni bir boru kəməri çəkməsi haqqında qərara gəldik. TANAP Türkiyəyə nəql ediləcək 6 milyard kubmetr qazın bu ölkənin istənilən yerinə çatdırılmasına imkanı verəcəkdir. Çünki İzmir və İstanbuldan fərqli olaraq Türkiyənin Anadolu hissəsində qaz istehlakı aşağıdır.
“Müqaviləyə əsasən, Türkiyə tərəfindən iki şirkət - BOTAŞ və TPAO seçilmişdir. Lakin boru kəmərinin tikintisi və konsorsiumun yaradılması, eləcə də bu işlərin davam etdirilməsi BOTAS-ın rəhbərliyi ilə həyata keçiriləcəkdir. Artıq konsorsium yaradılıb, burada lider ARDNŞ-dır”, - deyə R.Abdullayev vurğulamışdır.