TANINMIŞ ALİM, PEDAQOQ VƏ ŞAİRİN YARADICILIĞINA HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Azərbaycan Dövlət Musiqili Komediya Teatrında Xəzər Universitetinin təsisçisi və rektoru, tanınmış riyaziyyatçı alim, pedaqoq, fizika-riyaziyyat elmləri doktoru, istedadlı şair, professor Hamlet İsaxanlının yaradıcılığına həsr olunmuş geniş tədbir keçirilmişdir. Elm və mədəniyyət xadimlərinin, pedaqoqların, ictimaiyyət nümayəndələrinin iştirak etdikləri tədbirdə professor Camal Mustafayev alimin mənalı ömür yolundan, geniş və zəngin elmi, ədəbi yaradıcılığından danışmış, ona yeni nailiyyətlər arzulamışdır.
Bildirilmişdir ki, 1948-ci ildə dünyaya göz açan Hamlet İsaxanlı orta məktəbi qızıl medalla, Azərbaycan Dövlət Universitetinin (indiki BDU) mexanika-riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, 1970-1973-cü illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) aspiranturasında təhsil almışdır. 1973-1988-ci illərdə Azərbaycan Elmlər Akademiyası (AMEA) Riyaziyyat və Mexanika İnstitutunda, M.V.Lomonosov adına MDU-da və keçmiş SSRİ EA-nın V.A.Steklov adına Riyaziyyat İnstitutunda geniş tədqiqatlar aparan alim riyaziyyat elmi sahəsində uğurlu nəticələrə nail olmuşdur.
H.İsaxanlı 1973-cü ildə namizədlik, 1983-cü ildə isə doktorluq dissertasiyası müdafiə etmişdir. Onlarla elmi və bədii əsərin, 200-dən çox məqalənin (əsərlərinin və məqalələrinin xeyli hissəsi müxtəlif dillərdə xarici ölkələrdə nəşr olunmuşdur) müəllifi olan alim 40-dan artıq ölkədə beynəlxalq konfrans və simpoziumlarda məruzələr etmişdir.
Professor H.İsaxanlı riyaziyyat sahəsində müxtəlif istiqamətlərdə geniş elmi araşdırmalar aparmış, xüsusilə çoxparametrli spektral nəzəriyyə üzrə mühüm nailiyyətlər əldə etmişdir.
Alim 1990-1991-ci illərdə Bakıda ingilisdilli Xəzər Universitetini təsis etmiş və həmin vaxtdan bu təhsil müəssisəsinə rəhbərlik edir. O, Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiyanın üzvüdür.
Professor Hamlet İsaxanlının ömür və yaradıcılıq yolundan bəhs edən sənədli film göstərilmişdir.
Tədbirdə çıxış edən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə, təhsil nazirinin müavini İradə Hüseynova, xalq şairi Zəlimxan Yaqub və digər natiqlər də professor H.İsaxanlının elm və təhsilimizin, poeziyamızın inkişafındakı xidmətlərindən danışmış, onun əsərlərinin əhəmiyyətini vurğulamış, xoş arzularını bildirmişlər.
Sonra alimin elmi və ədəbi yaradıcılığı ilə bağlı ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.
######
