Tanınmış sənətçi: “Qəhrəmanlar Anası” tədbirində şəhid analarının gözündə kədərlə yanaşı sonsuz qürur gördüm





Bakı, 15 aprel, AZƏRTAC
Şəhid analarının fədakarlığını və qəhrəmanlığını təqdir etmək məqsədilə “Qəhrəmanlar Anası” adlı anım tədbiri keçirilib.
Tanınmış sənətçi və tədbir proqramının təşkilatçılarından olan Elnarə Rza AZƏRTAC-a açıqlamasında “Qəhrəmanlar Anası” adlı anım tədbirinin təkcə tədbir deyil, ruhlara toxunan mənəvi yolçuluq olduğunu bildirib.
“Bu tədbir mənim üçün bir səhnə deyil, bir dua yeri idi. Hər bir şəhid anasının gözündə dağ boyda kədərlə yanaşı, həm də sonsuz bir qürur gördüm. Onlar dünyaya qəhrəmanlar gətirən analardır – bu xalqın susmayan vicdanı, döyünən ürəyidir. Mən səhnəyə çıxanda ifa etdiyim mahnı da sanki onların qəlbinin səsinə çevrildi. Hər bir notumla, hər bir titrəyən səsimlə şəhidlərimizin xatirəsini anmaq istədim”, - deyə o vurğulayıb.
Vətənpərvər mahnıları ilə məşhur olan sənətçi E.Rza əlavə edib ki, belə tədbirlər cəmiyyətə yalnız xatırlatmaq deyil, həm də vətənə bağlılıq ruhunu yaşatmaqdır: “Qarabağ Zəfəri təkcə torpağın deyil, eyni zamanda, ruhun azadlığıdır. O azadlığı bizə yaşadan şəhidlərə və onların analarına borcluyuq. Onların hər biri bizim üçün canlı qəhrəmanlıq dastanıdır”.
Qeyd edək ki, İkinci Qarabağ müharibəsi qaziləri, şəhid ailələri və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə “Qəhrəmanlar anası” musiqi əsəri səslənib. Bəstəsi İlhamə Adilqızına, sözləri Nəsibə İsrafilqızına məxsus əsəri Elnarə Rza ifa edib.