ELM VƏ TƏHSİL
Tanzaniyanın vitse-prezidentinin xanımı Ədəbiyyat Muzeyinin qonağı olub
Bakı, 11 noyabr, AZƏRTAC
Tanzaniya Birləşmiş Respublikasının vitse-prezidenti Filip İsdor Mpanqo xanımı ilə birlikdə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün Azərbaycana gəlib. Vitse-prezidentin xanımı Dionisia Monimpaye Mpanqo nümayəndə heyəti ilə birlikdə Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyini ziyarət edib. Bu, xanım Dionisia Mpanqonun ölkəmizə ikinci gəlişidir.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib.
Ədəbiyyat Muzeyinin direktoru akademik Rafael Hüseynov qonağa muzeyin tarixi haqqında qısa məlumat verib və qeyd edib ki, burada təkcə Azərbaycanın söz tarixinin deyil, bütöv mədəni keçmişi əks olunub.
Ziyarətçiləri ekspozisiya ilə kulturologiya üzrə fəlsəfə doktoru Nailə Əliyeva tanış edib.
Müxtəlif dövrlərdə siyasi repressiyalara məruz qalmış, Azərbaycan ədəbiyyat və mədəniyyət xadimlərinə həsr edilmiş ekspozisiya qonaqların marağına səbəb olub. Xanım Dionisia Mpanqo onun da ölkəsinin tarixində belə həyəcanlı səhifələrin olduğundan söz açıb. Bildirib ki, milli tarixin həssas parçası ilə bağlı muzeydə insanları duyğulandıran və düşündürən, bir növ əyani tarix dərsliyi rolunu oynayan belə geniş və təsirli ekspozisiyanın varlığı vacibdir.
Xanım Dionisia Mpanqo muzeyin “Rəy kitabı”nda təəssüratlarını bölüşərək qısa bir zaman ərzində Azərbaycan xalqının minilliklərə sığan böyük mədəniyyəti və ədəbiyyatı haqqında aldığı müfəssəl bilgilərdən çox duyğulandığını, bu muzeyin xalqı tanıyıb sevmək üçün ən münasib və doğru məkan olduğunu qeyd edib.
Akademik Rafael Hüseynov muzeyin ingilis dilində nəşrlərini – müəllifi olduğu “Şirvan şairləri” kitabını və “Nizami muzeyinin xalçaları” bukletini qonaqlara hədiyyə edib.